Davudoğlu 1915-ci ildə köç zamanı ölən Osmanlı ermənilərini “hörmətlə anıb, onların övladları və nəvələrinin acısını bölüşdüyünü” bildirib və başsağlığı verib.
O deyib ki, Osmanlı İmperiyasının son illərində əsrlər boyunca sülh və qardaşlıq içində bir arada yaşamış fərqli etnik və dini kökəndən olan bir çox Osmanlı vətəndaşı böyük acılar yaşayıb:
“Birinci Dünya müharibəsi şəraitində bu acıları yaşayan fərqli etnik, dini kökənə mənsub millətlərin nəvələri olaraq yaşananları anlayır, həyatını itirən məsum Osmanlı ermənilərini hörmətlə anır, nəvələrinə başsağlığı veririk. Türkiyə və Ermənistanın birlikdə, hər iki tərəfə yaraşan bir mərasimlə Osmanlı erməniləri anmaları çox mənalı olardı. Qrant Dinkin ölüm ildönümü ilə əlaqədar yaydığım açıqlamada ifadə etdiyim kimi, iki qədim xalqın bir-birini anlama və birlikdə gələcəyə baxma yetkinliyinə yüksəlmələri mümkündür”, - baş nazir əlavə edib.
Qarabağ məsələsinə təsiri
Bu gün isə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun açıqlaması yenidən diqqətləri cəlb edib. O bildirib ki, Ankara Yerevanla münasibətlərin bərpası kursundan imtina etmək niyyətində deyil.
"Biz imtina etmək lüksünə sahib deyilik. Nə bu il, nə də sonra", - deyə Çavuşoğlu əlavə edib.
Nazir bildirib ki, Türkiyə prezidenti və baş naziri 1915-ci ildə Osmanlı imperiyasında ermənilərin ölümü ilə bağlı başsağlığı verib. Ancaq təəssüflər olsun ki, Ermənistan hakimiyyəti buna münasibət bildirməyib.
"Biz əsrlər boyu sülh içində yaşayan qədim xalqlar arasındakı fikir ayrılıqlarını aradan qaldırmaq üçün çalışırıq. Qarabağ probleminin nizamlanması və tarixi aspektlərin öyrənilməsi çərçvəsində bu kursu davam etdirəcəyik", - nazir vurğulayıb.
Türkiyə baş nazirinin ardınca isə xarici işlər nazirinin açıqlamaları, Azərbaycanda da, Ermənistanda da, Türkiyədə də birmənalı qarşılanmadı. Bəziləri Türkiyənin ermənilər qarşısında geri çəkildiyini düşündüyü halda, digərləri Türkiyə hakimiyyətinin açıqlamalarını düzgün hesab edir.
Ermənilər isə tamamilə fərqli fikirdədirlər. Bu günlərdə Yerevandan gələn açıqlamalarda bildirilir ki, Türkiyə hakimiyyəti belə açıqlamalar verməklə soyqırım törədənlə, soyqırıma məruz qalanları eyni tərəziyə qoyur.
Azərbaycanlı millət vəkili Zahid Oruc isə qardaş ölkənin hakim elitasının addımlarını doğru hesab edir. O, Milli.Az-a açıqlamasında bildirib ki, Türkiyə prezidentinin və baş nazirinin adından ermənilərə başsağlığı verilməsi Azərbaycan cəmiyyətində xəyal qırıqlığı yaratmalı deyil.
Məqsədləri ara vurmaqdır
"Bu cür açıqlama həmin dövrə aid qiymətləndirmələri yerə vurmur. Nə də ki, Türkiyə diplomatiyasının indiyə qədərki istiqaməti ilə ziddiyyət təşkil eləmir. Əslində, bu yüz il davam edən inkarın başqa bir leksikonla aparılmasıdır", - deyə o əlavə edib.
Millət vəkili hesab edir ki, buna görə Azərbaycanda kimlərsə ayaq alıb Türkiyə siyasi elitasına etiraz etməməlidir. Onun sözlərinə görə, bu dönəmdə ermənilərin ən böyük niyyəti iki dövlət arasındakı münasibətlərə zərbə vurmaq, onları diplomatik təklənməyə məcbur qoymaqdır.
"Heç bir halda həmin hadisələri "soyqırım" kimi tanımaq anlamına gəlmir, bu, bütövlükdə Osmanlı dönəminin "cinayətlərinin" etirafı və ona görə üzrxahlıq kimi sayıla bilməz. Türkiyə artıq Ermənistana mesaj verib ki, bütün dünya da hansısa maraqlardan dolayı bu məsələyə qiymətini versə də, Türkiyə bunu tanımayana qədər ermənilər üçün heç bir səmərəsi olmayacaq", - Z.Oruc qeyd edib.
Millət vəkili 1995-ci ildə Rusiyanın da qondarma "erməni soyqırımını" tanıdığını xatırladıb və deyib ki, üstündən keçən 20 il ərzində yalnız hansısa siyasətçilər bunu təbliğ edərək xal qazanıblar. Həmin dövr ərzində isə ermənilər yalnız itiriblər.
Teymur Hacıyev
Milli.Az