Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə dövlət ipotekası vasitəsilə alınan və hazırda girovda olan mənzillərin ümumi sayı 60 minə yaxınlaşır.
Metbuat.az xəbər verir ki, rəsmi statistikaya görə, ötən ilin sonunda bu rəqəm təxminən 57 min təşkil edirdisə, cari ilin ötən dövrü ərzində qeydə alınan yeni müqavilələrlə birlikdə ipoteka qeydiyyatındakı evlərin sayı artıq 59 mini keçib.
Burada ən çox pay paytaxt Bakının üzərinə düşür. Vətəndaşların ipoteka ilə ev alarkən mənzil seçiminə gəldikdə isə maraqlı bir tendensiya müşahidə olunur. Ölkədə ipotekaya qoyulan evlərin mütləq əksəriyyəti, yəni 33 mindən çoxu sahəsi 41-80 kvadratmetr aralığında olan kiçik və orta ölçülü, əsasən 1-2 otaqlı mənzillərdir. Sahəsi 120 kvadratmetrdən böyük olan geniş mənzillərin ipoteka payı isə cəmi 5 min ətrafındadır.
Dövlət xətti ilə verilən ipoteka kreditlərinin ümumi məbləği artıq 2,5 milyard manatı ötüb. İpoteka bazarındakı bu aktivlik göstərir ki, orta təbəqə və gənc ailələr mənzil problemini həll etmək üçün ən etibarlı və əlçatan yol kimi məhz rəsmi ipoteka mexanizminə üstünlük verirlər.