4-cü Şuşa Qlobal Media Forumu çərçivəsində D-8 Media Mükəmməllik Mərkəzinin strategiyasının təqdimatı keçirilib.
Metbuat.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, sürətlə dəyişən informasiya mühitində etibarlı məlumat mübadiləsinin təmin edilməsi, peşəkar jurnalistikanın təşviqi və dezinformasiyaya qarşı birgə mübarizə dövlətlər arasında əməkdaşlığın vacib istiqamətlərindəndir. O, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış D-8 Media Mükəmməllik Mərkəzinin bu baxımdan müstəsna əhəmiyyət daşıdığını vurğulayıb, Mərkəzin üzv ölkələrin media qurumları arasında əlaqələrin möhkəmləndirilməsinə, təcrübə mübadiləsinin genişləndirilməsinə və ortaq təşəbbüslərin həyata keçirilməsinə töhfə verəcəyini bildirib.
D-8 Təşkilatının Baş katibi Sohail Mahmud isə diqqətə çatdırıb ki, üzv dövlətlər arasında vahid, etibarlı və konstruktiv informasiya mühitinin formalaşdırılması üçün media sahəsində əməkdaşlığın gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir. O qeyd edib ki, Media Mükəmməllik Mərkəzi üzv ölkələrin media qurumları arasında əməkdaşlığın institusionallaşdırılmasına, təcrübə və bilik mübadiləsinin genişləndirilməsinə, eləcə də media sahəsində yaranan müasir çağırışlara qarşı koordinasiyalı yanaşmaların formalaşdırılmasına xidmət edəcək. Baş katib bu təşəbbüsü D-8 çərçivəsində media sahəsində əməkdaşlığın yeni mərhələyə keçidi kimi dəyərləndirib.
“Media Mükəmməllik Şəbəkəsi”nin Baş direktoru Fuad Mərdiyev tərəfindən Mərkəzin yaradılması zərurəti, strateji hədəfləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. O qeyd edib ki, media sahəsində sürətli rəqəmsal transformasiya, süni intellekt texnologiyalarının geniş tətbiqi, dezinformasiya təhdidlərinin artması və qlobal informasiya mühitində baş verən dəyişikliklər D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında daha sıx əməkdaşlığı zəruri edir.
Bildirilib ki, Mərkəzin əsas məqsədi D-8 ölkələri arasında media sahəsində əməkdaşlığın gücləndirilməsi, peşəkar potensialın artırılması, tədqiqat və innovasiyaların təşviqi, eləcə də bu sahədə vahid yanaşmaların formalaşdırılmasıdır.
Təqdimat zamanı D-8 Media Mükəmməllik Mərkəzinin institusional quruculuq, beynəlxalq mövqeləndirmə, əməkdaşlıq mexanizmlərinin yaradılması, təcrübə mübadiləsi, media tədqiqatları və dezinformasiyaya qarşı mübarizə istiqamətində nəzərdə tutulan fəaliyyətləri diqqətə çatdırılıb.
Həmçinin vurğulanıb ki, Mərkəzin fəaliyyətinin növbəti mərhələlərində üzv dövlətlərin media qurumlarını birləşdirən əməkdaşlıq şəbəkəsinin yaradılması, birgə layihələrin həyata keçirilməsi, beynəlxalq təşkilatlarla tərəfdaşlıqların genişləndirilməsi və media sahəsində qabaqcıl təcrübələrin paylaşılması nəzərdə tutulur.