- Bu gün ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək. İlk görüşdə məğlub olan “Simurq” və “İnter”in finala adlayacağını gözləmək olarmı?
- “Qarabağ” və “Neftçi” ilk oyunlarda qələbə qazanan tərəf olublar. Deməli, “İnter” və “Simurq” cavab matçında mütləq hücum futbolu sərgiləməlidi. Onu da unutmaq olmaz ki, adətən hücum edəndə müdafiədə boşluqlar buraxırsan. Yəni bu, rəqibin əks-hücumda kəsərli olmasına şərait yaradır. “Qarabağ” bir neçə gün öncə çempionatda “Simurq”a qalib gəldi. Amma bu o demək deyil ki, Zaqatala klubu zəifdi. Kubok və çempionat oyunları fərqli olur. Məncə, “İnter” – “Neftçi” görüşü ilə müqayisədə, “Simurq” – “Qarabağ” matçı daha gərgin keçəcək. Çünki “Simurq”un çempionatda şansı qalmayıb. Avrokuboka vəsiqə qazanmaq istəyirsə, mütləq kuboku qazanmalıdı. “İnter” – “Neftçi”yə gəlincə, 2:0 belə oyunda böyük hesabdı. “İnter”in hazırkı vəziyyətini bilirik. Maddi durumları aşağıdı, oyunçular etiraz edirlər. Bütün bunları biz də eşidirik. “Neftçi” çempionluq şansını itirib. İnanın mənə, onlarda da gərginlik var. “İnter” hücum futbolu oynamalıdı. Amma eyni zamanda, müdafiədə də ehtiyatlı olmalıdı. Çünki bir qol buraxsa, işi daha da çətinləşəcək. Kubok oyunlarında öz meydanında qol buraxmaq olmaz. Bu, yazılmamış qanundu.
- Kubokda mübarizəni dayandıran “Qəbələ” çempionatda özünü yaxşı tərəfdən göstərir. Şimal klubu ardıcıl 7 turdu ki, rəqib tanımır. “Qəbələ”nin bu cür uğurlu seriyası sizi təəccübləndirmədi?
- Məşqçilər Komitəsində də “Qəbələ”nin çıxışını müzakirə edirik. 7 oyundu qələbə qazanmaqlarında əsas amil odu ki, baş məşqçi futbolçuları öz yerində oynadır. Komandanın Antalyadakı təlim-məşq toplanışında da görürdük ki, Roman Qriqorçuk Ruslan Abışova müdafiənin mərkəzində, Ürfan Abbasova solda şans verir. Təbii ki, düz edirdi. Ancaq Bakıya gələndən sonra baxdıq ki, çempionatda Ruslanı gah müdafiənin sol cinahında, gah dayaq yarımmüdafiəçisi mövqeyində oynatdı. Söhbət təkcə Ruslandan getmir. Digər futbolçular da fərqli mövqelərdə çıxış edirdilər. Elə buna görə də, “Qəbələ” bir neçə tur xal itkisinə məruz qaldı. İndi yenidən futbolçuları öz mövqelərində oynadır. “Qəbələ”nin yaxşı hücumçuları var. Nəzərə alın ki, hələ Dodo yoxdu. Amma Qriqorçukun gəlişindən sonra komandanın orta xətti daha yaxşı təsir göstərir. “Qəbələ” indi üstün futbol oynayır. Bunu qəbul etmək lazımdı.
- Çempionatın cari mövsümünün başa çatmasına 6 tur qalıb. Mövsümü ümumi olaraq, necə dəyərləndirirsiz? Razısız ki, əvvəlki illərlə müqayisədə çempionatda gərginlik azalıb?
- Bəli, razıyam. Həqiqətən də, çempionatda gərginlik azalıb. “Xəzər Lənkəran” və “Bakı” kimi komandalar bu vəziyyətə düşdülər. Halbuki onlar neçə il idi ki, çempionluq mübarizəsi aparırdılar. Biri var çempionluğa 6 komanda oynasın, biri də var ki 2-3. Rəqabət mütləq olmalıdı. Onsuz inkişaf mümkün deyil. Çempionatın səviyyəsi aşağı düşüb. “Qarabağ” sentyabrda çox sürətli oynayırdı, indi görün, necə oynayır? Bununla “Qarabağ”ın zəiflədiyini demək istəmirəm. Sadəcə, rəqiblər “Qarabağ”a gərginlik yarada bilmirlər. Buna görə də, Qurban Qurbanovun komandası rahatlıqla qələbə qazanır.
- Klublar Komitəsinin son iclasında müzakirə olunan mövzulardan biri də 3 legioner futbolçunun üzvlük haqqından azal edilməsi məsələsidi. Sizin buna münasibətiniz necədi?
- Klublar öz vəsaitlərini yaxşı biliblər. Əsas odu ki, keyfiyyətli legionerlər gətirsinlər, çoxluğa fikir verməsinlər. Sayının çox olmasındansa, Reynaldo, Almeyda, Dodo və Mendi kimi legionerlər gətirmək lazımdı. Onda cavan yerli oyunçular da onlara baxıb, nəsə öyrənərlər.
Milli.Az