Dünya futbolunda yay transfer pəncərəsinin ən böyük sürprizlərindən biri Türkiyə Super Liqasında yaşana bilər.
Metbuat.az xəbər verir ki, İngiltərə Premyer Liqasının nəhəngi “Liverpul” ilə müqavilə müddəti başa çatan və hazırda azad agent statusunda olan misirli ulduz Məhəmməd Salahın adı Türkiyə klubları ilə hallanmağa başlayıb.
Yerli medianın yazdığına görə, 34 yaşlı hücumçunun meneceri transfer iddialarını rəsmiləşdirəcək çox ciddi bir addım atıb. O, Türkiyə nəhəngi “Beşiktaş”ın məsul şəxsləri ilə transfer şərtlərini üzbəüz müzakirə etmək üçün İstanbula gəlib. Azad agent statusunda olduğu üçün bonservisi əlində olan dünya şöhrətli futbolçunun Türkiyə təmsilçisinə təklif edildiyi bildirilir. Məlumata görə, hazırda İstanbulda tərəflər arasında maliyyə şərtləri və müqavilənin detalları barədə gərgin danışıqlar aparılır.
Menecerin sürpriz İstanbul səfəri və transfer masasına oturması Türkiyədə ilin idman hadisəsi kimi qiymətləndirilir. Əgər tərəflər razılığa gəlsə, yaxın günlərdə Super Liqada tarixi bir imza mərasiminə şahidi olacağıq.