[ 20 Aprel 2015 15:22 ]



Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Tariyel Mustafayev, Ruslan Mustafayev, Namiq Məmmədov, Elvin Əliyev, Tural Həsənov və Fərid Muradovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

APA-nın məlumatına görə, prosesdə təqsirləndiriləndən Tarıyel Mustafayevin həyat yoldaşı Yeganə Şirinova və Ruslan Mustafayevin anası Əfiqə Mustafayeva şahid qismində ifadə veriblər.

Y. Şirinova Tarıyel Mustafayevin müalicə almaq üçün Türkiyəyə, oradan isə Suriyada getdiyini deyib.

Məhkəmədə ifadə verən Tariyel Mustafayev təqsirinin olmadığını bildirib.

 

Ruslan Mustafayevin anası Əfiqə Mustafayeva isə oğlunun günahsız olduğunu açıqlayıb.

 

Məhkəmə prosesi aprelin 27-də davam etdiriləcək.

 

Qeyd edək ki, MTN-in İctimai Əlaqələr Mərkəzinin ötən il sentyabrın 23-də yaydığı məlumatda bildirilib ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, habelə, tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb etmə və başqa hüquqazidd əməllərinin törədilməsinə görə ümumilikdə 26 nəfər Azərbaycan vətəndaşı şəxs qismində saxlanılıb.

 

Həmin şəxslərin  cinayət işi ayrı-ayrı qruplar şəklində məhkəmədə icraata verilib.