[ 20 Aprel 2015 12:22 ]
Bakı. Könül Kamilqızı – APA. “Moskva Beynəlxalq Təhsil Salonu”nda iştirak məqsədilə Rusiyaya səfər edən Azərbaycan təhsil nazirinin müavini Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin rektoru professor Yaroslav Kuzminovla görüşüb.
Azərbaycan Dövlət İqtisad Universitetindən APA-ya verilən xəbərə görə, görüş zamanı iki ölkə arasında hərtərəfli əməkdaşlıqda ali təhsil sahəsində əlaqələrin mühüm əhəmiyyət daşıması və bu istiqamətdə mövcud əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların mövcud olması diqqətə çatdırılıb.
Görüş çərçivəsində Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) ilə Rusiyanın “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universiteti (AİM–MTU) arasında “Elm, tədris və mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş” imzalanıb. Sənədi ADİU-nun rektoru, professor Ədalət Muradov və AİM–MTU-un rektoru, professor Yaroslav Kuzminov imzalayıb. Saziş iqtisadiyyat profilli iki universitet arasında tələbə və müəllim mübadiləsinin həyata keçirilməsini, ikili diplom proqramlarının yaradılmasını və birgə elmi-tədqiqatların aparılmasını nəzərdə tutur. Eyni zamanda, ADİU tələbələrinin öz təhsillərini AİM–MTU-nun magistraturasında davam etdirməsi, müəllim və tələbələr üçün təcrübə proqramlarının həyata keçirilməsi, eləcə də yeni təlim texnologiyalarından birgə istifadə edilməsi sazişdə öz əksini tapıb.
Qeyd edək ki, bu ilin fevralında AİM-MTU tərəfindən sonuncu kurs tələbələri üçün olimpiadanın məhz ADİU-nun bazasında keçirilməsi iki universitet arasında əməkdaşlığın inkişafına xüsusi təkan verib. Rusiyanın aparıcı ali məktəblərindən biri kimi dünya universitetlərinin reytinq siyahılarına daxil olan AİM–MTU müasir tədris metodları və idarəetmə sistemlərinin tətbiqi, ali təhsillə elmi tədqiqatların səmərəli inteqrasiyanın təmin olunması, Avropa və Amerikanın qabaqcıl universitetləri ilə ikili diplom proqramlarının reallaşdırılması istiqamətlərində mühüm uğurlar əldə edib.