Azərbaycanın K-1 döyüşçüsü Zabit Səmədov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Global Fighting Championship 3″ turnirinin qalibi olub.

ANS PRESS-in məlumatına görə, 31 yaşlı idmançımız ardıcıl iki görüşdə qalib gəlməklə yarışın fəxri mükafatına sahib çıxıb.

Qaydalara əsasən 4 idmançının təmsil olunduğu turnirdə qaliblər finalda əsas mükafat uğrunda yarışıb.

Yarımfinalda şotlandiyalı idmançı Stiv Makkinnonu üstələyən Zabit Səmədov finala adlayıb.

"Mauqli" finalda Konqo-Almaniya əsilli Danyo İlunqa ilə üz-üzə gəlib. 3 raunddan ibarət görüşdə rəqibinə güclü zərbələr vuran Səmədov İlunqaya şans verməyib. Hakimlərin qərarına əsasən döyüşçülər əlavə 4-cü raundda mübarizə aparmalı olub. Yekunda hakimlərin qərarına əsasən Zabit Səmədov “Global Fighting Championship 3″ turnirinin qalibi olub.

Qeyd edək ki, idmançımız qalib üçün ayrılan kuboka və 1 milyon dirhəm (286 min manat) pul mükafatına sahib olub.

Mənbə
ANS PRESS