[ 16 Aprel 2015 16:52 ]
Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 12-də keçirilmiş sınaq imtahanının nəticələrini açıqlayıb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, nəticələr aprelin 16-da saat 16:30-dan etibarən elan edilib.
Hər bir abituriyent TQDK-nın internet saytına daxil olaraq imtahanın nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Abituriyentlər nəticələr barədə məlumatı həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 48376 abituriyentdən 2551 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarına zidd hərəkətlərə yol verdikləri üçün 9 abituriyentin imtahan nəticələri ləğv edilib. Beləliklə, TQDK-nın internet saytında sınaq imtahanında iştirak edən 45816 abituriyentin imtahan nəticələri yerləşdirilib.