Bakı, 15 aprel, AZƏRTAC
Şahmat üzrə hazırkı dünya çempionu, FİDE reytinqinin lideri, “Shamkir Chess 2014”ün qalibi Maqnus Karlsen turnirin rəsmi saytına müsahibə verib.
- Sizi yenidən Azərbaycanda görməkdən məmnunuq. Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” turniri haqda nə söyləyə bilərsiniz?
- Ötən il Şəmkirdə keçirilən turnirdən xoş xatirələrlə ayrıldım. Məşhur şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr edilən yarışda yenidən iştirak etməkdən məmnunam. Əlbəttə, sadəcə iştirak etmək deyil, qalib gəlmək istəyirəm. Ötən il turnirin qalibi oldum. Yenidən birinci olmaq istəyirəm.
- Vüqar Həşimovla bağlı hansı xatirələrinizi bizimlə bölüşə bilərsiniz?
- Vüqar çox istedadlı şahmatçı idi. O, təkrarçılığı xoşlamırdı və hər zaman yeniliklərlə diqqəti cəlb edirdi. Onu daim xoş xatirələrlə yada salıram. Vüqarı unutmamışıq. Onun yoxluğu şahmat aləmi üçün böyük itkidir. Şəmkirdə Vüqarın xatirəsinə həsr edilən turnir yüksək səviyyədə təşkil olunub.
- Ötən il Şəmkirdə olmusunuz. Bu şəhər haqda təəssüratlarınız necədir?
- Ötən il Şəmkirdə olduğum müddət gözəl vaxt keçirdim. Bir tərəfdən, turnirdə mübarizə, digər tərəfdən, bizim üçün hazırlanan proqramlar çox maraqlı idi. İstirahət günü oynadığımız futbolu tez-tez xatırlayıram. Mənim də çıxış etdiyim dünya şahmatçılarının komandası yarışın qalibi adını qazandı. Bu dəfə də futbol oynamaq təklif olunsa razılaşacağam. Ümumiyyətlə, Şəmkirdə təşkilatçılıq yüksək səviyyədə idi. Bu turnirin təşkilatçılarına, xüsusilə “Synergy Group”a təşəkkürümü bildirmək istəyirəm.
- Budəfəki yarışda rəqabətin daha güclü olacağı fikri ilə razısınızmı?
- Ötən il də bu turnirdə zəif rəqib olmadı. Şəmkirdə ancaq güclülər yarışır. Ona görə də hər turda gərgin mübarizə aparılır. Bu baxımdan yarışda qalib gəlmək asan deyil. Gərək hər turda maksimum nəticə üçün oynayasan. Bu il iştirakçılar daha da güclüdür. Heç kim nəticə ilə bağlı proqnoz verə bilməz.
- Siz yarışın favoriti hesab olunursunuz. Özünüzə ən güclü rəqib kimi görürsünüz?
- Hər bir şahmatçı Şəmkirə yaxşı nəticə üçün gəlir. Ona görə də aşkar favorit olmayacaq. Əlbəttə, hamı məndən yaxşı nəticə gözləyir. Mən buna öyrəşmişəm. Ona görə də qalib gəlməyə çalışacağam.
- İştirakçılar arasında hansı şahmatçı ilə qarşılaşmanın Sizin üçün daha çətin olacağını düşünürsünüz?
- Məncə, Vladimir Kramnikə qarşı oynamaq daha çətin olacaq. Bütün şahmatçılara hörmətlə yanaşıram. Sözsüz ki, hamısı güclüdür. Amma V.Kramniklə oyunlar mənim üçün xüsusi çətin olur. Onunla müxtəlif yarışlarda üz-üzə gəlmişik. Vladimir hər dəfə mənə qarşı fərqli oyun sərgiləyir.