“Daxili və xarici məkrli anti-Azərbaycan dairələrin, beynəlxalq “qeyri-hökumət təşkilatları”nın, “ekspertlər”in bütün cəhdlərinə, təxribatçı əməllərinə baxmayaraq, Azərbaycan ilk Avropa Olimpiya Oyunlarına uğurla evsahibliyi edəcək”. Bunu deyən millət vəkili, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovun sözlərinə görə, anti-Azərbaycançı ermənipərəst dairələr hər vəchlə ölkəmizin imicinə, nüfuzuna xələl gətirməyə çalışır və bundan ötrü dəridən-qabıqdan çıxırlar. Onun dediyinə görə, bugünlərdə müxtəlif ölkələrdən olan 45-yə QHT təmsilçisinin, siyasətçi və ekspertlərin dövlət başçılarına və beynəlxalq ictimaiyyətə müraciət edərək, Bakıda keçiriləcək Birinci Avropa Oyunlarını boykot etməyə, Azərbaycanın rəsmi şəxslərinə qarşı isə sanksiyaların tətbiqinə çağırması Azərbaycanın günü-gündən inkişafına, dünyada nüfuzlu yer və söz sahib olmasına qısqanc münasibətdən, gözügötürməzlikdən başqa bir şey deyil. Deputat deyib ki, həmin dairələr Azərbaycan müstəqil siyasətini, onun uğurlarını, dünyanın aparıcı və lider dövlətləri sırasında inamla addımlamasını heç cür həzm və qəbul edə bilmirlər:

“Ancaq onlar bir məqamı unudurlar ki, Azərbaycan ötən əsrin 90-cı illərinin əvvəllərinin Azərbaycanı deyil. Azərbaycanla artıq heç kimsə təhdid, təzyiq, sanksiya, hədə-qorxu dilində danışa bilməz. Azərbaycan bu gün sözün hər mənasında dünyanın, yerləşdiyi regionun və bölgənin əsas söz və nüfuz sahiblərindən biridir. Azərbaycan regionun lider dövlətidir. Artıq dünya Azərbaycanın yeri və çəkisi ilə hesablaşır. Çünki bu bölgədə, bu regionda Azərbaycanın iştirakı və razılığı olmadan heç bir regional və beynəlxalq əhəmiyyətli layihə gerçəkləşdirilə bilməz. Bunu həmin dairələr də artıq anlasalar, qəbul etsələr yaxşı olar. Onlar nə edirlərsə, özlərinə edirlər. Məşhur atalar məsəlində deyildiyi kimi, yel qayadan nə apara bilər ki?! Azərbaycan bu günə kimi bır sıra regional və beynəlxalq əhəmiyyətli nüfuzlu tədbirlərə, idman, musiqi yarışmalarına uğurla evsahibliyi edib. Bu, həmin tədbirlərin iştirakçıları olan dövlətlər və onların təmsilçiləri tərəfindən də daim etiraf və təqdir edilib. Odur ki, Azərbaycan hər zaman olduğu kimi, bundan sonra da hələ bir çox nüfuzlu beynəlxalq tədbirlərə, idman, musiqi yarışmalarına evsahibliyi edəcək. Bunun qarşısını almağa heç bir qüvvənin iradəsi çatmayacaq, onlar sabun köpüyü kimi havaya sovrulub gedəcəklər. Bir daha qeyd edirəm ki, Azərbaycan qarşıdan gələn ilk Avropa Oyunlarına da uğurla evsahibliyi edəcək və bununla dünyadakı yerini, çəkisini, nüfuzunu möhkəmlətmiş olacaq. Buna kimsənin əsla və əsla şübhəsi olmasın” .

Millət vəkili Leyla Abdullayeva isə qeyd edib ki, hər bir beynəlxalq idman yarışının Azərbaycanda keçirilməsi ölkəmiz üçün tamamilə yeni səhifə açır. Azərbaycan bu yarışlara ev sahibliyi etməklə beynəlxalq nüfuzunu daha da artırır və yeni-yeni tərəfdaşlar qazanır və söz yox ki, bu dəfə də belə olacaq. Onun dediyinə görə, bununla yanaşı, Azərbaycanın uğurları, beynəlxalq aləmdə artan nüfuzu dost ölkələri sevindirsə də, bəzi antiazərbaycançı şəbəkələri, beynəlxalq təşkilatları “narahat” edir. Xarici anti-Azərbaycançı şəbəkə və onların əlaltıları, bəzi yerli dairələr Avropa Oyunları ərəfəsində öz simalarını açıb göstərirlər. “Demokratiya çətiri” altında pərdələnən “Amnesty İnternational”, “Fredoom House”, “Human Rights Watch” və “Azadlıq” radiosu idmandan da siyasi alət kimi istifadə etməyə çalışırlar. Əslində, bu qurumlar üçün heç nəyin fərqi yoxdur, təki Azərbaycan əleyhinə mövzu olsun, yəni, onların qarayaxma planları yeni bir proses deyil: “Prezident İlham Əliyevin Bakıda Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində söylədiyi nitqində vurğuladığı kimi, “bu kampaniya əslində, heç vaxt dayanmamışdır. Sadəcə olaraq önəmli beynəlxalq tədbirlər ərəfəsində bu kampaniya daha da eybəcər formalar alır. Biz bunu üç il bundan əvvəl - 2012-ci ildə “Eurovision” müsabiqəsi ərəfəsində görmüşük. Bu gün də I Avropa Oyunları ərəfəsində bunu görürük. Bu, koordinasiya şəklində təşkil edilmiş, bir və ya bir neçə mərkəzdən idarə olunan antiazərbaycan kampaniyasıdır ki, bunun məqsədi ölkəmizi ləkələmək, qaralamaq, işlərimizə kölgə salmaq və Azərbaycanı geridə qalmış, qeyri-demokratik, azad olmayan ölkə kimi təqdim etməkdir. Bütün bunlar təbii ki, yalan üzərində qurulur. Ona görə nə Azərbaycan xalqı, nə dünya ictimaiyyəti buna inanmır”. Deputat əlavə edib ki, ölkəmizi gözdən salmaq istəyən şər qüvvələr “dəridən-qabıqdan” çıxsalar da, heç bir “uğur” əldə edə bilmirlər: “Bu qüvvələrin və onların ölkəmizdəki əlaltılarının çirkin əməlləri daim bumeranq effekti verib. Elə Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikkinin I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı verdiyi açıqlama da həmin dairələrə növbəti bir zərbə vurdu. Patrik Hikki Avropa Oyunlarını “qitə idmanının ən yüksək zirvəsində dayanan idman tədbiri” olaraq dəyərləndirdi. Bu mötəbər idman turnirini böyük hadisə adlandıran Patrik Hikki erməni lobbisinin çirkin kampaniyasını fiaskoya uğratdı”.

L.Abdullayeva qeyd edib ki, əslində, anti-Azərbaycançı şəbəkəyə də yaxşı bəllidir ki, problem olsaydı, AOK heç ölkəmizin namizədliyini də qəbul etməzdi: “Çünki beynəlxalq yarışların keçirildiyi məkanda hər şeydən öncə, sabitlik, təhlükəsizlik məsələsi nəzərə alınır. Avropa Oyunlarının keçirilməsi ilə bağlı qərar qəbul olunarkən bütün məsələlər hərtərəfli araşdırılıb və bu etimadı doğrulda biləcəyinə tam inam olduğu üçün Azərbaycan dövləti seçilib. Odur ki, beynəlxalq QHT-lər də başa düşməlidirlər ki, xoşməramlı məsələlərə xələl gətirmək əvəzinə dəstək olmaq, qara düşüncəli insanların məkrli fikirlərindən yan keçmək lazımdır”.

Olaylar.az