Müxtəlif qüvvələrin təsiri altında olan bəzi beynəlxalq təşkilatların Azərbaycana qarşı qarayaxma kampaniyası davam etməkdədir. Hər dəfə Azərbaycanda keçirilməsi planlaşdırılan beynəlxalq tədbirlər ərəfəsində həmin qüvvələrin fəallaşması müşahidə olunur. Sanki bəzi beynəlxalq təşkilatların çörəyi Azərbaycana qarşı böhtan atmaqdan çıxır. Artıq illərdir ki, bu praktikanı yaşayan Azərbaycan üçün belə kampaniyalar ürək bulandırmaqdan başqa bir şey deyil. Azərbaycanın qanına susamış bu qvvələr hələ ölkəmizdə keçirilən Evrovision-2012 mahnı müsabiqəsi öncə dişlərini qıcıyaraq eyni fəaliyyətdə bulunmuşdular. Lakin tarix göstərdi ki, “ağ divara qara çamur yapışmır”. Məsələ orasındadır ki, “sapı özümüzdən olan baltalar” həmin qüvvələrin təsiri altına düşərək ölkəmizdə keçiriləcək Birinci Avropa Oyunlarının miqyasına kölgə salmağa çalışırlar. Elə bu məqsədlə də bir qrup amerikalı ekspert, siyasətçi və Azərbaycan diasporunun nümayəndələri ABŞ dövlət katibi Con Kerriyə açıq məktubla müraciət ediblər. Məktub müəllifləri dövlət katibindən fundamental insan haqlarına sayğı göstərməsi üçün Azərbaycan hökumətinə təpki göstərməsini istəyiblər. Müəlliflər ABŞ-ı insan haqlarını pozan Azərbaycan rəsmilərinə viza qadağası qoymağa, onların səhmlərini dondurmağa çağırıblar. Həmçinin Azərbaycanın dövlət qurumlarına ABŞ-ın ticarət sahəsində həvəsləndirici yardımlarını dayandırmağa səsləyiblər. Məktubu imzalayanların arasında ABŞ dövlət katibinin demokraiya və insan hüquqları üzrə keçmiş köməkçiləri Elliot Abrams və Devid Kramer, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç, “Azadlıq” radiosunun keçmiş direktoru Cefri Qedmin, Freedom House təşkilatının direktoru Mark Laqon, Demokratiya və Şərqi Avropa İnstitutunun direktoru İrena Lasota, AZAD təşkilatından Elmar Şahtaxtinski, Qorxmaz Əsgərov və başqaları var.Azərbaycanın artan nüfuzu maraqlı qüvvələrin “kürkünə birə salıb”
Məsələyə münasibət bildirən mllət vəkili Qüdrət Həsənquliyev qeyd edib ki, hər hansı təşkilatın, hüquq müdafiəçisinin kiməsə irad tutması üçün mənəvi haqqı olmalıdır: “ABŞ-ın hüquq müdafiəçiləri, keçmiş məmurları və politoloqları yaxşı olardı ki, əvvəlcə öz ölkələrindəki problemləri qabardıb, həllinə nail olsunlar. Çünki belə olduqda başqalarına da irad tutmağa mənəvi haqq qazanacaqlar”. Millət vəkili bildirib ki, ABŞ-ın daxilində insan haqları ilə bağlı ciddi problemlərin mövcud olduğu bütün dünyaya məlumdur: “İllərdir ki, beynəlxalq ictimaiyyətin təkidlərinə baxmayaraq, ABŞ Quantonamo həbsxanasını qapatmır. Bu həbsxananın Amerikadan kənarda olduğunu bəhanə edərək, onun ABŞ qanunları ilə idarə olunmadığı bildirilir. Amma fakt budur ki, həmin həbsxanada insanlar Amerika hökuməti tərəfindən saxlanılır, onlara ağır işgəncələr verilir və hətta bəzilərinin də illərlə orda günahsız yerə cəza çəkdiyi məlum olur. Onu da qeyd edim ki, Amerikanın insan haqları ilə bağlı ən sərt tənqid etdiyi ölkələrdə belə insanlar illərlə istintaqsız və məhkəməsiz həbsdə saxlanılmır, Quantonamo bu məsələdə də istisnadır”. Millət vəkili ABŞ-ın hüquq müdafiəçilərinə və politoloqlarına, ölkələrində olan irqi ayrı-seçkiliyə də diqqət yetirməyi tövsiyyə edib: “Bu ölkədə az qala hər gün irqi ayrı-seçkiliyin qurbanlarının görüntüləri yayılır. Polis qaradərili amerikalını güllələyir, itlərə parçalatdırır. Amerikada etiraf olunan statistikalara görə, işsizlik, təhsilsizlik faizi qaradərililər arasında çox yüksəkdir, həbsxanalar qaradərililərlə doludur. Bu problemlərə diqqət cəlb edilmədən Amerikadan on min kilometrlərlə uzaqda olan ölkə ilə bağlı müraciət etmək heç də səmimi görünmür”. Millət vəkili onu da qeyd edib ki, insan haqları məsələsi bütün ölkələrdə əsas diqqət yetirilməli amildir: “Mən hesab edirəm ki, bizim ölkəmizdə də insan haqları məsələsi diqqətdə olmalı, bu sahədəki problemlər kimin tənqid edib-etməməsindən asılı olmayaraq həllini tapmalıdır. Bizə olan tənqidlər arasında xoşniyyətlisi də, kampaniya xarakteri daşıyanı, ölkəni gözdən salmaq üçün ediləni də var. Haqqında danışdığımız müraciət məhz I Avropa Oyunları ərəfəsində ölkənin gözdən salınmasına yönəlmiş, anti-Azərbaycan təbliğatının bir hissəsidir. Bu, erməni lobbisinin təsirində olan antiislamçıların apardığı kampaniyanın tərkib hissədir”.
Q.Həsənquliyev müraciəti imzalayan azərbaycanlıların həmin dairələrin təsirindəki “beşinci kalon”un nümayəndələri olduğunu deyib: “Azərbaycanda ABŞ-ın qeyri-hökumət təşkilatları vasitəsilə maliyyəşdirdiyi şəxslərin olduğu heç kimə sirr deyil. Çox təəssüf ki, həmin şəxslər prinsipial məqamlarda Azərbaycana qarşı istifadə olunurlar”. Partiya sədri hesab edib ki, bütün bunlara baxmayaraq, Azərbaycan və ABŞ-ın rəsmi dairələri arasında əməkdaşlıq və dialoq mühiti davam etməlidir: “Lakin siyasətçilər, ekspertlər, QHT təmsilçiləri bu iddialara mütləq cavab verməli, Azərbaycana qarşı kampaniyaları ifşa etməlidirlər”.
Millət vəkili Aydın Mirzəzadə hesab edir ki, müraciətdə adı hallanan şəxslərin hamısı qrantlar, qeyri-şəffaf mailiyyə gəlirləri sayəsində Azərbaycana qarşı, ölkəmizin milli dövlətçilik maraqlarına qarşı çıxış edən adamlardırlar: “Bu insanlar unudurlar ki, Azərbaycan müstəqil bir dövlətdir. Çünki Azərbaycanın qanunlarını əks etdirən Konstitusiya mövcuddur və ölkəmizdə Azərbaycan vətəndaşlarının iradəsi əsas götürülür. Hər hansı bir ölkənin rəsmi şəxsinə müraciət etməklə, digər ölkənin problemlərini həll etmək olmaz”. Millət vəkili həmin tərəflərin Azərbaycana qarşı düşmənçilik mövqeyi sərgilədiklərini istisna etməyib: “inanın ki, onlar bunu da etməyə hazırdırlar! Onlar çox istərdilər ki, ölkəmizdəki vəziyyət Suriyadakı, Yəməndəki, İraqdakı vəziyyət kimi olsun və onlar onu da çox istərdilər ki, Azərbaycanın taleyi Bakıda deyil, digər Qərb ölkələrində həll olunsun”.
Aydın Mirzəzadənin fikrincə, bu gün kimsəyə sirr deyil ki, xaricdə anti-Azərbaycan mərkəzləri fəaliyyət göstərir və həmin mərkəzlər ölkəmizdə gedən güclü inkişafı qəbul etmək istəmirlər: “Həmin mərkəzlər və oradakı adamlar Azərbaycanda baş verən qlobal inkişaf proseslərini həzm edə bilmirlər, ölkədə əldə edilən uğurları qəbul edə bilmirlər. Onu da xatırladaq ki, hazırda bir sıra dövlətlər və onların nəzarətində olan qeyri-hökumət təşkilatları Azərbaycanın uğurlarından narahatçılıq keçirir və ölkəmizin artan beynəlxalq imicini heç cür həzm edə bilmirlər. Təəssüf ki, Azərbaycana qarşı aparılan şər-böhtan kampaniyasına qoşulan soydaşlarımız da yox deyil. Bax, onların milli dövlətçiliyə qarşı çıxmaları, Azərbaycanın beynəlxalq imicinin artmasına qarşı çıxmaları heç cür başa düşülən deyil. Fakt isə ondan ibarətdir ki, bu cür qarayaxmalar Azərbaycanın artan nüfuzuna zərrə qədər də kölgə salmaq gücündə deyil".
Olaylar.az