Milli.Az xəbər verir ki, bunu aznews.az-a açıqlamasında politoloq Qabil Hüseynli bir neçə amerikalı ekspertin, siyasətçinin və Azərbaycan diasporunun nümayəndələrinin ABŞ dövlət katibi Con Kerriyə ünvanladığı açıq məktuba münasibət bildirərkən deyib.
Q.Hüseynli bildirib ki, bu yaxınlarda “Nyu-York Times” qəzetində ABŞ-Azərbaycan münasibətlərinə töhfə verə biləcək bir məqalə dərc olunub: “Həmin məqalədə ABŞ-lı jurnalist Ağ Evə Azərbaycanla strateji əməkdaşlığın davam etdirilməsinin böyuk önəm daşıdığını tövsiyə edib və vurğulayıb ki, ABŞ Azərbaycana xüsusi diqqət ayırmalı və rəsmi Bakının Cənubi Qafqazda yürütdüyü siyasəti müzakirə etməlidir. Ancaq unutmaq lazım deyil ki, Azərbaycana qarşı tənqidi fikir nə ABŞ prezidentinin, nə dövlət katibinin, nə də vəzifəli şəxsin dilindən səsləndirilib”.
Politoloq vurğulayıb ki, adı çəkilən qəzetdəki məqalədə ABŞ-ın Prezident Administrasiyası Azərbaycanın Qafqazın ən önəmli və sürətlə inkişaf edən dövləti adlandırıb: “ABŞ-ın Azərbaycanla münasibətlərdə əldə edilən nailiyyətlər, bilavasitə Cənubi Qafqazda Amerikanın təsirinin yayılmasına çox böyük kömək edə bilər. Elə bu baxımdan erməni lobbisinin və müxtəlif qondarma dairələrin təsiri altında Azərbaycanı tənqid edən qeyri-hökumət təşkilatları var. Onlar dövləti təmsil etmirlər. Bu qurumların Ağ Evə təsir etmək və Azərbaycana qarşı hər hansı bir addım atdırmağa vadar etmək imkanları yoxdur. Yazdıqları kağız üzərindəcə qalacaq”.
Qeyd edək ki, bir neçə amerikalı ekspert, siyasətçi və Azərbaycan diasporunun nümayəndələri ABŞ dövlət katibi Con Kerriyə açıq məktub göndərərək onu Azərbaycan rəsmilərinə qarşı viza qadağası qoymağa və səhmlərini dondurmağa, həmçinin ticarət sahəsində ABŞ-ın Azərbaycanın dövlət qurumlarına göstərdiyi həvəsləndirici yardımları dayandırmağa çağırıblar.
Milli.Az