Bakı, 13 aprel, AZƏRTAC 
Birləşmiş Ərəb Əmirliklərinin Əl-Eyn şəhərində keçirilən 15 yaşadək yeniyetmələr arasında beynəlxalq şahmat turniri başa çatıb.
AZƏRTAC xəbər verir ki, turnirdə 9 oyundan 8 xal toplayan həmyerlilərimiz - Abdulla Qədimbəyli və Vüqar Əsədli 1-2-ci yerləri bölüşdürüblər. Abdulla Qədimbəyli əlavə göstəricilərə görə turnirin qalibi adını qazanıb. Vüqar Əsədli isə gümüş mükafata layiq görülüb. Asim İmanov 6,5 xalla 8-ci pillənin sahibi olub, İsmayıl İsmayılzadə isə 11-ci yerlə kifayətlənib. Akif Axundov isə 5 xal toplayaraq 39-cu yerdə qərarlaşıb.
İsveçrə sistemi üzrə 9 turdan ibarət olaraq keçirilən turnirdə 20-dək ölkədən 100 zəka sahibi qüvvəsini sınayıb.