Beynəlxalq Bankdakı rəhbər dəyişikliyi “Simurq” klubuna ciddi təsir göstərib. Apasport.az saytının məlumatına görə, Zaqatala təmsilçisində maaşların yubadılması futbolçuların narazılığına səbəb olub.
Artıq iki aydır maaş üzü görməyən “Simurq” oyunçuları təşviş içindədirlər. Komandanın gələn mövsümdən fəaliyyətini davam etdirib-etdirməyəcəyindən xəbərsiz olmaları onları narahat edir.
Klubun icraçı-direktoru Vaqif Əliyev də saytımıza açıqlamasında maaşların gecikdiyini gizlətməyib: “Düzdür, ötən ayın maaşları ödənilməyib. Futbolçuların bir qismi fevralın da əməkhaqqını almayıb. Amma bütün bu gecikmələr sırf rəhbər dəyişikliyi ilə bağlıdır. Tezliklə bu məsələnin yoluna qoyulacağından əmin ola bilərsiniz”.
Qeyd edək ki, Cahangir Hacıyevin Beynəlxalq Bankdakı İdarə Heyətinin rəhbəri vəzifəsindən istefasından sonra “Simurq”un fəaliyyətini dayandıracağı söz-söhbəti yayılıb.
Milli.Az
Milli.Az