Quba, 11 aprel, Elxan Yusifli, AZƏRTAC
Dünya Boks Seriyası (WSB) liqasının 12-ci turu çərçivəsində Quba Olimpiya İdman Kompleksində “Baku Fires” və ABŞ-ın “USA Knockouts” komandası arasındakı qarşılaşma başlayıb.
AZƏRTAC xəbər verir ki, 52 kq çəki dərəcəsində təmsilçimiz Murad Rabadanovla “USA Knockouts” komandasının üzvü Brent Riçard Veneqas arasında keçirilən ilk görüş həmyerlimizin qələbəsi ilə başa çatıb.
Digər üç döyüşdə Albert Səlimov (60 kq) Karlos Balderas, Pərviz Bağırov (69 kq) Brayan Keballo, Mixail Dalqalivets (81 kq) isə Stiv Nelsonla üz-üzə gələcək.
Yarışda 91 kq-dan yuxarı çəki dərəcəsində Haci Murtuzəliyev və Kam Avesome arasında nəzərdə tutulan döyüş keçirilməyəcək. Rəqib ölkəmizə gələ bilmədiyindən “Baku Fires” təmsilçisinə texniki qələbə veriləcək. 60 kiloqramda yarışacaq Albert Səlimov bugünki döyüşdə ringi qələbə ilə tərk edərsə, 2016-cı ildə Braziliyada keçiriləçək Olimpiya Oyunlarına vəsiqəni təmin edəcək. Onun rəqibi K.Balderas mövsüm ərzində üç görüşdə qələbə qazanıb və hazırda reytinqdə 7-cidir.