Ukrayna böhranı başlanandan bəri Çexiyada Rusiya meylli internet saytları yağışdan sonra göbələk kimi artıb. Bir çoxları bunu həyəcanla Kremlin təbliğatı kimi qiymətləndirirlər.
 
Elə ötən ay, keçmişlərdə “Qolos Rossiyi” kimi tanınan “Sputnik” radiosu çex dilində xəbərlər portalı yaratdığını elan edib. Kreml tərəfindən maliyyələşdirilən radio bu saytda Çexiya oxucularına beynəlxalq məsələlərə dair “alternativ baxış” vəd edib.
Milli.Az BBC-yə istinadən bildirir ki, lakin yaşlı çexlərin əksəriyyəti hələ də 1948-1989-cu illər arasında, Sovet blokuna daxil olan Çexoslovakiyanın ağrılarını yaxşı xatırlayır.
 
1968-ci ildə “Praqa baharı”nın sovet qoşunları tərəfindən əzilməsi bir çox çex üçün ağrılı təcrübə olub və Moskva çexlərə öz baxışlarını asanlıqla qəbul etdirə bilməyəcək.
 
“Bölünmüş ölkə”
 
Kreml təbliğatının böyük bir qismi Baltik dövlətlərinə yönəlib. Bu ölkələrdə çox sayda rus yaşayır və təbliğat da rus dilində aparılır.
Lakin belə görünür ki, Rusiya hökuməti çex cəmiyyətində müəyyən çatların olduğunu düşünür və bundan fürsətlənməyə çalışır.
“Sputnik” Rusiya Strateji Tədqiqatlar İnstitutundan İqor Nikolayçuka istinadən bildirib ki, Çexiya Respublikası parçalanıb və onu german və slavyan istiqamətinə çəkən iki qarşıduran tərəf var.
 
Çexiya prezidenti Milos Zeman Ukraynadakı böhrana görə Rusiya üzərinə qoyulmuş sanksiyaların məqasədəuyğunluğunu sual edib. O, Moskvada keçiriləcək 9 may qələbə bayramına qoşulan tək-tük Avropa liderlərindən biri olacaq.
 
Mükəmməl çexcə
 
Bir neçə əsas çex və slovak media qurumu bu yaxınlarda Rusiyaya meylli saytların sayını hesablamağa çalışıb. Hazırda onlarca belə sayt var.
Bu internet saytları peşəkar səviyyədə tərtib olunub, lakin onların maliyyələşdirilməsi müəyyən suallar doğurur.
Çex jurnalist Vladimir Sevela deyir ki, məsələn, belə saytlardan biri olan Echo24-ün müstəqil AENews portalı üçün yazan müəlliflər anonimdir, materialların tonu isə 1968-ci ildəki Sovet işğalı zamanı verilən xəbərlərin tonunu xatırladır.
 
Bununla belə, Sevela qeyd edir ki, sovet xəbərlərindən fərqli olaraq AENews saytının xəbərləri mükəmməl çex dilində yazılır.
Lakin sovet işğalı dövrünü xatırlayan hər bir çex üçün Rusiya yönlü təbliğat həyəcan oyadır.
Buna baxmayaraq, həm “Sputnik”, həm də sözü gedən iki internet saytı inandırmağa çalışır ki, Ukrayna hökuməti faşistdir və Birləşmiş Ştatlar isə dünya ağalığı haqqında düşünür.
 
Bu internet saytları ilk dəfə, NATO-nun Şərqi Avropadakı mövcudiyyətinin artırılması zərurərti barədə təkliflərin ardınca peyda olub. Bu yaxınlarda NATO maşın karvanının Çexiyadan keçməsi bu saytların əsas tənqid hədəfinə çevrilib.
Bu karvan Çexiyadan martın 29-da keçib və Almaniyadakı dislokasiya yerinə aprelin 1-də çatıb.
Anti-NATO fəalları karvana qarşı etiraz aksiyasına çağırırdılar və iddia edirdilər ki, Çexiyanın əsas mediası bu aksiyalarda iştirak etmək istəyənləri az qala qorxutmaq yolunu tutub.
 
Ala qarğa
 
Bu ayın əvvəllərində “Sputnik”in Çex saytı NATO-nun maşın karvanı barədə məqalə dərc edib. Bu məqalədə keçmiş Çexiya prezidenti Vaclav Klaus-un müşaviri və Rusiya mövqeli Petr Hajekə istinad edilir.
Cənab Hajek özünün son dərəcə ziddiyyətli baxışları ilə tanınır və onun “əks-inqilabi” ProtiProd (antiaxın) bloqpostunda aşkar rusiyapərəst, anti-Avropa və anti-Amerika mövqeli yazılar dərc olunur.
 
“Sputnik” yazır ki, cənab Hajek ölkədən NATO karvanının keçməsini “Amerika imperializminin sarsıdıcı nümayişi” adlandırıb. Hajek ABŞ-ı Rusiyaya qarşı müharibəyə hazırlaşmaqda ittiham edir.
 
Lakin cənab Hajek və digər Rusiya yönlü internet saytlarının ciddi-cəhdlərinə baxmayaraq, Çexiyada NATO karvanlarının keçməsi çox az adamı narahat edib.
 
Çexiya televiziyasının bu yaxınlarda apardığı rəy sorğusu göstərib ki, rəyi soruşulanların 82 faizi karvanla bağlı narahatlıq keçirmir.
Onlardan 52 faizi isə bu qənaətdədir ki, bu barədə ictimai debatların açılması “lazımsız cəfəngiyyatdır”.
 
Milli.Az