Bakı, 3 aprel, AZƏRTAC
On üç yaşadək futbolçulardan ibarət komandalar arasında Türkiyədə təşkil olunan beynəlxalq “VI Manavqat” turniri davam edir.
AZƏRTAC xəbər verir ki, 9-16-cı yerlər uğrunda mübarizə aparan “Qəbələ”nin U-13 komandası bu mərhələdə iki oyun keçirib. Türkiyənin “Osmanlıspor” klubu ilə qarşılaşan “Qəbələ” 0:1 hesabı ilə uduzub. Bu məğlubiyyətdən sonra baş məşqçi Ülfət Mədətovun komandası 13-16-cı yerlər uğrunda mübarizə aparmalı olub. Kosovo təmsilçisi “Nyu Star”la qarşılaşan “Qəbələ” 2:0 hesabı ilə qalib gəlib. Komandamızın qollarını Nihad Bağırov və Veysəl Rzayev vurublar.
Aprelin 4-də yekun vurulacaq turnirin son günündə “Qəbələ” 13-14-cü yerlər uğrunda meydana çıxacaq. Komandamız Danimarka təmsilçisi “Holbak” ilə üz-üzə gələcək.
“Qəbələ” qrup mərhələsində Türkiyənin “Qalatasaray” və Danimarkanın “Nordsyelland” komandasına 0:2 hesabı ilə uduzmuşdu. Komandamız yerli “Özerspor” 2:1, “Seyrantəpəspor” (Türkiyə) və “Berlin Türkiyemspor”un (Almaniya) hər ikisini 1:0 hesabı ilə məğlub edərək 9 xalla 6 komanda arasında 3-cü olmuşdu.