[ 31 Mart 2015 18:53 ]
Bakı. Fərid Mirzəyev - APA. “Bu il aprelin 8-dən 12-dək Qubada “Azərbaycanda və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı 1914-1920-ci illər soyqırımı” mövzusunda keçirəcəyimiz beynəlxalq konfrans daha möhtəşəm olacaq”.
Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov deyib.
O, beynəlxalq soyqırımı konfransında xarici ölkələrdən 85 nəfərə yaxın alimin iştirak edəcəyini bildirib: “Almaniya, Polşa, Bolqarıstan, Albaniya, Mərkəzi Asiyanın türk dilli respublikaları, Gürcüstan, Türkiyə və Rusiyadan gələcək alimlər konfransda iştirak edəcəklər. Aprelin 9-da konfransın açılışı olacaq. Konfransın açılışından qabaq qonaqlar Quba Soyqırımı Kompleksi ilə tanış olacaqlar. Konfransda bütün çıxışlarda ancaq Azərbaycan və Şərqi Anadoluda 1914-18-ci illərdə baş vermiş soyqırımından bəhs ediləcək. Türkiyədən gələn alimlər Anadolu və Azərbaycanda baş vermiş soyqırımı ilə bağlı ayrı-ayrı məruzələrlə çıxış edəcəklər. Konfrans Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti, Tarixi İnstitutu və Türkiyənin Atatürk Araşdırmalar Mərkəzinin birgə işidir”.
Tarix İnstitutunun direktoru konfransın iki bölmədə fəaliyyət göstərəcəyini söyləyib: “Açılış zamanı bir saat yarım konfransın plenar iclası olacaq. Ondan sonra hər bir bölmədə qırxdan çox məruzə dinləniləcək. Məruzələr slaydlarla müşayiət olunacaq. Həmçinin ayrıca film təqdim ediləcək. Tarix İnstitutu bu konfransa çox ciddi hazırlıq işləri aparır. Ənənəvi konfranslardan fərqli olaraq, bütün məruzələrin hamısı toplu halında çap olunub. Soyqırımı ilə bağlı əldə etdiyimiz əsərlərin qısa xülasəsi, xaricdə və ölkədə aparılan tədqiqat işləri ilə konfrans iştirakçılarını tanış edəcəyik”.
Y.Mahmudov qeyd edib ki, konfransın yekununda dünya elmi ictimaiyyətinə müraciət qəbul olunacaq: “Bizim fikrimiz var ki, konfransın yekununda dünya elmi ictimaiyyətinə müraciət qəbul edək. Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə aparılan tədqiqat işləri təkzibolunmaz şəkildə sübut edir ki, 1914-18-ci illərdə bizim xalqımıza qarşı dəhşətli soyqırımı cinayətləri həyata keçirilib. Bunların hamısı haqda konfransda geniş məlumat verəcəyik. Beləliklə, aprelin 8-12 tarixlərində keçiriləcək beynəlxalq konfrans tariximizdə çox mühüm hadisə olacaq”.