Bakı, 30 mart, Samirə Quliyeva, AZƏRTAC
Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycana mühüm fayda verəcək.
Bu barədə Böyük Britaniya Parlamenti Lordlar Palatasının üzvü, Thomson Fondunun təsisçisi Tom Çandos AZƏRTAC-a müsahibəsində bildirib.
“Bakı-2015” Avropa Oyunlarının ölkəmiz üçün əhəmiyyətindən danışan T.Çandos idmanın insanları və ölkələri birləşdirən çox gözəl vasitə olduğunu vurğulayıb. O, Oyunların Bakıda keçirilməsini Azərbaycanda idmanın inkişafı üçün mühüm amil kimi qiymətləndirib.
Böyük Britaniya-Azərbaycan əlaqələrindən söz açan Tom Çandos deyib: “Ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması üçün gözəl imkanlar mövcuddur. İqtisadiyyat, mədəniyyət, turizm, eləcə də idman sahələrində potensial imkanlardan daha geniş istifadə edilməsi Britaniya-Azərbaycan əlaqələrinə təkan verəcək. Eyni zamanda, media sahəsində münasibətlərin dərinləşdirilməsi də ikitərəfli əlaqələrin güclənməsində mühüm rol oynaya bilər”.