Ötən gecə Abşeron rayonu ərazisində evlərdən birinin sahibi çağırılmamış qonaqlarla qarşılaşıb.Yad şəxslərin evə soxulduğunu qonşular da görüblər
Anspress-in məlumatına görə, naməlum şəxslər Əliyevlər ailəsinə məxsus Saray qəsəbəsi, Babakişilər küçəsindəki fərdi yaşayış evində heç kimin olmadığını qabaqcadan müəyyən ediblər. Sonradan evə soxulan oğrular bir-bir otaqları gəzərək qənimət axtarıblar. Bu müddətdə qonşular da yad şəxslərin evə soxulduğunun şahidi olub və bu barədə ev sahiblərinə xəbər veriblər. Ailənin üzvü olan Hünər Əliyev özünü birinci çatdırıb.
Məlumata görə, evə girən şəxslər iki nəfər olub və özləri ilə müəyyən kəsici və küt alətlər də gətiriblər. Bu da dəmir barmaqlıqları və pəncərəni sındırmaq, eləcə də gərəkli olduğunda özlərini gözlənilməz sürprizlərdən qorumaq xarakteri daşıyırmış. Elə də olub. Hətta ev sahibinin köməyinə qonşular da toplaşıblar. Lakin oğruları zərərsizləşdirmək o qədər mümkün olmayıb. Sadəcə, onların hər hansı qənimətlə evi tərk etməsinin qarşısı alınıb.
Baş vermiş hadisə ilə bağlı Abşeron RPİ-nin əməkdaşları da məlumatlandırılıblar.
Əraziyə cəlb olunmuş polis və ekspertiza nümayəndələri müəyyən nümunələr və barmaq izləri götürüblər. Rayon polisi hazırda oğurluğa cəhd əməlinin düyününü açmağa çalışır.
Milli.Az
Videonu izləmək üçün şəkilə klikləyin.

