Bakı, 22 mart, AZƏRTAC
Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində Azərbaycan milli komandasının mübarizə apardığı 4-cü qrupun oyunlara yekun vurulub.
AZƏRTAC xəbər verir ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən turnirin sonuncu turunun ilk oyununda Danimarka və Belçika milliləri qarşılaşıb. Oyun 5:3 hesabı ilə belçikalı futzalçıların xeyrinə başa çatıb.
Qrupun qalibi Ukrayna və Azərbaycan milli komandalarının oyununda müəyyənləşib. Görüşdə 3:2 hesabı ilə qələbə qazanan Ukrayna millisi Avropa çempionatına vəsiqə əldə edib.
Qrupda ikinci yeri tutan millimiz Avropa çempionatında iştirak edə bilmək üçün sentyabrın 15-də və 22-də keçiriləcək play-off oyunlarında iştirak edəcək. Komandamızın rəqibi püşk yolu ilə müəyyənləşəcək.