Hazirda da I Avropa Oyunlarına 3 aya yaxın bir müddət qaldığı ərəfədə ölkəmizin uğurunu istəməyən qüvvələr hər vasitə ilə Azərbaycanı nüfuzdan salmağa, dövlətimiz barədə mənfi rəy formalaşdırmağa çalışırlar. Bəs görəsən, anti-Azərbaycan qüvvələri bununla nəyə nail olacaqlar?
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov deyir ki, həmin qüvvələrin hədəfləri tam bəllidir. Azərbaycanın durmadan inkişaf edən iqtisadiyyatına, dünya miqyasında qazandığı uğurlara birmənalı şəkildə kölgə salmaq, qarayaxma kampaniyasına başlamaq və nəticə etibarı ilə İlk Avropa Oyunlarının Bakıda baş tutmasına maksimum səviyyədə əngəl olmaq: “Təəssüflər olsun ki, bəzən bilərəkdən, bəzən də bilməyərəkdən bəzi internet media resurslarımız da bu oyunun oyunçusuna çevrilirlər. Təbii ki, burada söhbət internet-informasiya müharibəsindən gedir. Çünki real faktlara söykənə biləcək heç bir fəaliyyət vasitələri olmadığından vizual formatda informasiya üzərindən, sosial şəbəkələr vasitəsi ilə irimiqyaslı kampaniyaya başlayıblar”. Səbuhi Abbasov deyir ki, əvvəlcə “BAKI-2015” I Avropa Oyunları üçün tikilən stadionun çökməsi barədə informasiya yayıldı: “Bu məlumat, eyni zamanda, bəzi yerli interenet media resurslarında da dərc edildi. Azərbaycan cəmiyyəti isə məlumatın ağ yalan olduğunu bilərək informasiyanı soyuqqanlılıqla qəbul elədi. Əslində, bunu sifarişçi qismində çıxış edən bəzi beynəlxalq təşkilatlar da hiss elədilər. Bir az sonra isə həmin qüvvələr “oyun”un qaydalarını dəyişdilər və cəmiyyətin hissiyatına, psixologiyasına təsir edə biləcək informativ, vizual effektlərdən istifadə etdilər. Sonradan isə Azərbaycanda guya sahibsiz heyvanlara münasbətin kəskin olduğunu bildirdilər və geniş kampaniyaya başladılar. Türkiyədə isə erməniəsilli türk vətəndaşları tərəfindən “Yeşil Öfke” təşkilatı qurama aksiya reallaşdırdı. Aksiyada maraqlı şuarlar səsləndirildi: “Hepimiz hayvanız”, “Hayvanların Genosidinə son” və s. Birinci şuarla razıyam və hətta deyərdim ki, Sizin hayvan olduğunuzu öz ağzınızdan eşitmək bir başqa zövq verir. Lakin məqsəd bəlli idi. Dünya ictimaiyyətinin diqqətini Azərbaycana yönəltmək və bizim cəmiyyətdə çaşqınlıq, ajiotaj yaratmaq. Lakin bu dəfə də gənclərimizin mediada, sosial şəbəkərdə, xüsusən də twiterdə etirazları birmənalı şəkildə bu süni qarayaxmaları ifşa elədi və edəcək də”. Səbuhi Abbasov bildirib ki, daha bir hüçum isə bəzi qurama beynəlxalq təşkilatlardan gəlir və proses bugün də davam edir: “Azərbaycanla bağlı müxtəlif dinləmələrin keçirilməsi, “Azərbaycanda söz, mətbuat azadlığı yoxdu”, “siyasi məhbuslar dərhal azad olunmalıdır” və s. kimi çağırışlar, hesabatlar artıq o təşkilatların özlərinə nəinki dividentlər verir, hətta belə demək mümkündürsə, mənfi imic, etibarsızlıq mühiti yaradır. Bu təşkilatlar dünya miqyasında qeyri-ciddi və lobbilərin tulası kimi tanınırlar. Bunu onların verdiyi bəyanatlara dünyadan gələn reaksiyada öz çılpaqlığı ilə görmək mümkündür”.
ASGA sədrinin sözlərinə görə, ölkəmizə qarşı başlanılar çirkin kampaniya Əli Kərimlinin simasında davam etdirilməyə başlanılıb: “600 nəfər qohum əqrəbanın və media nümayəndələrinin iştirakı ilə keçirilən mitinqdə maraqlı anlar yaşandı. Əllərində Avropa Şurasının bayrağı, şuarları “bahalaşmaya son” və s. Regionda, bütövlükdə dünyada baş verən geosiyasi proseslər fonunda bu kimi tələblərlə mitinq keçirmək cəmiyyət tərəfindən xəyanətkarlıq, satqınlıq, şərəfsizlik kimi qiymətləndirildi. Belə bir sual ortaya çıxır. Niyə bugünə qədət Əli Kərimli və onun bandası Xocalıya, Ağdabana ədaləti istəməyiblər və yaxud Dağlıq Qarabağ münaqişəsi ilə qurama beynəlxalq təşkilatlarda məsələ qaldırmayıblar. Cavab isə asan və sadədir. Çünki həmin mövzular maliyyələşdirilmir Odur ki, ayıq-sayıq olmaq hər birimizin vətəndaşlıq borcudur. İstənilən halda dünya güclərinin mövqeyi və hədəfi bəllidir. Bu hədəf Yaxın Şərqdə baş verən “inqilablar”da özünü biruzə verdi. Lakin son Ukrayna hadisələri zamanı isə bu hədəfin çirkin siması üzə çıxdı. Lakin ölkəmizdə bu proseslərin qarşısını ala biləcək bir amil var: xalq-iqtidar birliyi”.
ASGA sədri əmindir ki, Azərbaycan bu dəfə də bütün təzyiq və ədalətsiz yanaşmalara baxmayaraq I Avropa Oyunlarını yüksək səviyyədə həyata keçirəcək: “Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə fəaliyyət göstərən təşkilat komitəsi qısa zaman kəsiyində Avropanı heyrətləndirə bildilər. İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib ki, “ilk Avropa Oyunlarının Bakıda keçirilməsi, böyük nailiyyətdir, bizim böyük uğurumuzdur”. Bəli, bu, çox böyük uğur və qələbədir. Ən azı ona görə qələbədir ki, bu oyunlar Olimpia oyunlarının beşiyi sayılan Avropada yox, ilk dəfə məhz Azərbaycanda keçirilir. Bu təkcə bizim tariximizə qızıl hərflərlə yazılmayacaq. Bu oyunlar dünya tarixinə də qızıl hərflərlə yazılacaq.
Olaylar.az