Bakı, 16 mart, AZƏRTAC
Dünya Boks Seriyası (WSB) 9-cu turdan sonra liqanın yeni fərdi reytinq cədvəlini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, reytinqdə “Baku Fires” klubunun iki üzvü birinci yeri tutur. Turnirdə 56 kiloqram çəki dərəcəsində mübarizə aparan Məhəmməd Qurbanov 4 görüşdən 20 xal toplayaraq siyahıya başçılıq edir. Onun ən yaxın izləyiciləri amerikalı Fransisko Martinez və irlandiyalı Maykl Konlandır.
Albert Səlimov (60 kq) da fərdi reytinqdə birinci yerdədir. Dörd görüşdən sonra 20 xal toplayan boksçumuz kubalı Lazaro Estrada (18 xal) və rusiyalı Adlan Abduraşidovu (15 xal) qabaqlayır.
Heybətulla Hacəliyev (64 kq) Venesuela boksçusu üzərində qələbədən sonra ikinci pilləyə yüksəlib. Milli komandamızın üzvü 5 döyüşdən sonra 20 xal toplayıb.
Arslanbek Mahmudov (91 kq-dan yuxarı) üçüncü, Pərviz Bağırov (69 kq) və Abdulqadir Abdullayev (91 kq) reytinqdə dördüncü, Soltan Migitinov (81 kq) isə beşinci pillədə qərarlaşıblar.
Xatırladaq ki, 49, 91 və 91 kiloqramdan yuxarı çəki dərəcələrində reytinqdə birinci olacaq boksçular, digər çəkilərdə isə 1-2-ci yerləri tutacaq idmançılar “Rio-2016” Olimpiadasına vəsiqə qazanacaqlar.