"Freedom House" Azərbaycana qarşı düşmən mövqe tutan bir təşkilatdır və bunu heç vaxt gizlətməyib.

Bu sözləri Milli.Az-a açıqlamasında millət vəkili Musa Quliyev deyib.

"Azərbaycanda demokratiya, fikir azadlığı, plüralizm, mətbuat azadlığı məsələlərini tez-tez gündəmə gətirməklə Azərbaycan haqqında qarayaxmalar bəyan eləmək və ölkəmizə müəyyən dairələrin təzyiqlərində vasitəçilik olmaq bunların işidir", - o əlavə edib.

Millət vəkili hesab edir ki, "Freedom House" özünü ifşa eləmiş bir təşkilatdır. Onun Azərbaycan haqqında hər hansı bir dinləmə keçirməsinin, bəyanat yaymasının, tədbir düzənləməsinin heç bir əhəmiyyəti yoxdur.

"Bizim cəmiyyət də onu yaxşı tanıyır. Beynəlxalq təşkilatlar da yaxşı bilirlər ki, o məqsədyönlü şəkildə yaranıb, bəzi sürətlə inkişaf edən dövlətlərə basqı göstərmək istəyən imperialist qüvvələrin sifarişlərini yerinə yetirir. Problemlər yaradır. Bu təşkilatın qərarı da aydındır, fikri də aydındır", - M.Quliyev vurğulayıb.

O, hesab edir ki, "Freedom House"un keçirdiyi dinləmələr də dekorasiyadır. Əslində isə onların mahiyyəti aydındır. Bu təşkilat erməni dəyirmanına su tökən, Azərbaycana düşmən olan bir təşkilatdır.

"Onun hər hansı bir tədbirinin Azərbaycan ictimaiyyəti üçün heç bir əhəmiyyəti yoxdur", - millət vəkili vurğulayıb.

Teymur Hacıyev
Milli.Az