Bakı, 11 mart, AZƏRTAC
Slovakiyanın paytaxtı Bratislavada Avropa Velosipedçilər Birliyinin (UEC) illik konqresi keçirilib. Tədbirdə Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov da iştirak edib.
AZƏRTAC xəbər verir ki, Avropa ölkələrinin velosiped federasiyalarının rəhbərlərinin qatıldığı konqresi açan Avropa Velosipedçilər Birliyinin prezidenti David Lappartien gündəlikdə duran məsələlər barədə məlumat verib. O, tarixdə ilk dəfə Bakıda keçiriləcək Avropa Oyunlarına hazırlıqla bağlı məsələlərə xüsusi yer ayırıb. Tədbirdə iştirak edən Beynəlxalq Velosipedçilər İttifaqının prezidenti Brayn Kukson çıxışında Beynəlxalq Velosipedçilər İttifaqının Avropa Oyunlarında iştirakına xüsusi önəm verdiyini vurğulayaraq, Azərbaycanın “Bakı-2015”ə hazırlıq işlərini yüksək qiymətləndirib.
Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov və Avropa Oyunları Əməliyyat Komitəsinin təmsilçisi Vladimiros Petsas konqresdə geniş təqdimatla çıxış ediblər. Ölkəmizin Avropa Oyunlarına hazırlığından bəhs edən videoçarx nümayiş etdirildikdən sonra Sahib Ələkbərov qısa müddətdə Avropa Oyunlarına hazırlıqla bağlı görülmüş işlər barədə ətraflı məlumat verib. O, ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin bu məsələni daim diqqət mərkəzində saxladığını, Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə “Bakı-2015”in unudulmaz idman bayramına çevrilməsi üçün çoxlu sayda yerli və xarici mütəxəssislərin durmadan çalışdığını konqres iştirakçılarının diqqətinə çatdırıb. Vitse-prezident Dünya və Avropa Velosipedçilər Birliyinin rəhbərlərinə Oyunların təşkilində göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib. O, konqres iştirakçılarını bu möhtəşəm Oyunları izləməyə dəvət edib.
Qeyd edək ki, “Bakı-2015”in proqramına velosiped idmanının şosse, BMX və MTB növləri daxildir.