Şəkidə üç avtomobilin toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib. Hadisə 20 Yanvar küçəsindəki yol ayrıcında qeydə alınıb.

Milli.Az Kanal S-ə istinadən bildirir ki, Abdullazadə İsmayıl Şükrət oğlunun idarə etdiyi 55 BX 400 dövlət nömrə nişanlı "Ford" markalı minik avtomobili öndə hərəkətdə olan, kimliyi hələlik müəyyənləşdirilməyən şəxsin idarə etdiyi 55 BO 686 dövlət nömrə nişanlı "VAZ 2106" markalı avtomobilə çırpılıb. Bu avtomobil də öz növbəsində öndə gedən Əhmədov Famil Sübhanəli oğlunun idarə etdiyi 45 BF 803 dövlət nömrə nişanlı "Opel" markalı avtomobilə dəyib.

Əraziyə dərhal yol polisi əməkdaşları gəlib, qəzanın baş vermə səbəblərini dəyərləndiriblər. Qəzada xəsarət alan olmasa da hər üç avtomobilə ziyan dəyib. Fakt araşdırılır.

Milli.Az