Bəzi şou-biznes nümayəndələrinin əxlaq dərsi verməsi ziyalılar tərəfindən xoş qarşılanmır.

ANS PRESS-in məlumatına görə, politoloq Arzu Nağıyev "hərənin öz işi var, kişinin kişi, mütribin mütrib" deyərək, xalqa əxlaq dərsi verən bəzi şou əhlinə mesaj göndərib. Politoloqun sosial şəbəkədə paylaşdığı fikirlərini olduğu kimi təqdim edirik:

"Düzü bu haqda yazmaq istəmirdim. Bəzi mənbələrə baxdım, götür -qoy etdim və yazmağı qərara gəldim. Ola bilsin kimsə incisin, kimsə gülsün, kimsə narazılıq etsin. Ancaq bu yazı heç kimi təhqir etmək üçün nəzərdə tutulmayıb, bizim çox ağsaqqal və ağbirçək aşıqlarımız, xanəndələrimiz, musiqiçilərimiz, rəqqas və rəqqasələrimiz, vokalçılarımız və sairə var. Sənətlərinə hörmət qoyulur, qiymətləndirilir və qarşılarında baş əyilir, əhsən deyilir. Təəssüf ki, həmişə belə olmur. Son zamanlar özlərini bu xalqın, millətin "qaymağı" hesab edən, utanmadan öz savadsız mülahizələrini insanlara sırımağa çalışan, bəzi "şou biznes" aləminin nümayəndələri və onların himayədarlarına çatdırmaq istərdim ki, bu xalqa dərs verməyə, düz yolundan sapdırmağa, onsuz da həddən artıq problemi olan camaatın beynini yeməyə son qoysunlar. Belə şeylər insanı fikirləşməyə qoymur, ani bir yüngüllük gətirsə də, sonradan daxilən incidir.

Keçən əsrin əvvələrində belə bir deyim var idi - " mütrib". Bu sözü bəzən təhqir kimi də işlədirdilər. Bu gün kimə bu sözü desən, ən azından səndən inciyər. Özünü gərək elə aparasan ki, bu söz sənə ünvanlanmayalar.

Mütrüb — bu söz məna və mahiyyətcə əyləndirən, könülaçan kimi yozulur. Ərəb dilində "çalğıçı, sazəndə, rəqs edə-edə mahnı oxuyan, qız paltarında toylarda oynayan oğlan" mənaları var. Xalq deyimlərində həmin sözün mütrib, mütrüf, mütrüp tələffüzləri də var. Mütrüb sözü lap qədim dövrlərdə Azərbaycan ərazisindəki dini məbədlərdə lüt, əksər hallarda yarımçılpaq görkəmdə rəqs edənlərin adları ilə bağlıdır. Eyni zamanda lal oyunu (pantomima) ifaçısının adı ilə də əlaqəlidir. Eramızın əvvəllərindən başlayaraq, təxminən beş yüz il sözü rəqs edə-edə oxuyan şərqiçilərə, həmçinin çalğıçılara, aşıqlara, nəqqallara (nağıl danışan ifaçılara) da mütrüb deyilib.

XIX əsrdən etibarən toylarda, el şənliklərində, qapalı əyləncə mərasimlərində incə, zərif bədənlərinə qadın paltarı geyinib rəqqaslıq edən oğlanlar mütrüb adı ilə çağırılıblar. Rəqqas mütrüb uzun saç buraxır, dırnaqlarına xına yaxır, gümüşdən belbağı, sinəbənd taxır, boynundan həmayil asır, dikdaban ayaqqabı geyinirdi. Barmaqlarına taxdığı mis halqalarla musiqinin ritmini tutan mütrüb tamaşaçılara işvə, naz atır, danışmadan erotik ruhlu qaş-göz oynadırdı.

Bu şəkil də Əzim Əzimzadənindir. Bundan başqa Hüseynqulu Sarabskinin "Köhnə Bakı" əsərindən də bir sitat gətirmək istərdim:



"O zamanlar Bakı toylarında mütrib deyilən bir kəs olurmuş. Toy vaxtı Bakı cavanlarını, qonaqlarını əyləndirirdi. Mütrib oynayan zaman onu çağırıb bu başdan o başa mütrib vasitəsilə alma, konfet, portağal göndərərmişlər və belə sifarişlər edərlər: "Abbasa deyinən ki, axşamı xeyirli olsun və bunu Mirzəbala göndərdi". Bəzən, onu yanlarına cağırıb dizlərinin üstündə otuzdurub tərini silərmişlər. Çox vaxt, mütribi dizi üstündə oturmaq üçün cahıllar arasında dava da düşərmiş. Filan toyda mütrib üstündə dava düşdü, filan qədər adam öldü, yaralandı".

Bu kimi misallar çoxdur. Sanki bu günümüzü xatırladır. Heç vaxt onların ixtiyarı olmazmış ki, artıq-əskik danışsınlar. Sizin işiniz budur, vəssalam... Ona görə də hər kəs öz işi ilə məşğul olsa, daha yaxşı olar. Diz üstündə oturan mütriblər, xalqa əxlaq dərsi verməyin! Başqa şeylərə də fikir verməyin, hərənin öz adı var, kişinin kişi, mütribin -mütrib..."
Mənbə
ANS PRESS