[ 06 Mart 2015 14:05 ]
Bakı. Cavid Zeynallı - APA. Avropa İttifaqının maliyyə dəstəyi ilə “Oksfam” Beynəlxalq Humanitar Təşkilatının icra etdiyi “Azərbaycanda milli strategiya və kiçik fermer təsərrüfatı vasitəsilə ərzaq təhlükəsizliyini təkmilləşdirmək” layihəsi çərçivəsində “Qadın ərzaq qəhrəmanı” kampaniyasının təqdimatı keçirilib.
APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan “Oksfam” Azərbaycan Nümayəndəliyinin rəhbəri Şövkət Əlizadə bildirib ki, qadın mövzusu “Oksfam”ın icra etdiyi bütün layihələr üçün prioritetdir.
“Oksfam” Azərbaycan Nümayəndəliyinin Gender Proqramları üzrə məsul əməkdaşı Günel Mehdiyeva qeyd edib ki, hazırda Azərbaycanda qadınlar ölkə əhalisinin 50,2%-ni təşkil edir: “Kənd yerində yaşayan ümumi əhalinin 25,3%-i, şəhər əhalisinin isə 24,9%-i qadınlardır. Rəsmi statistikaya görə, qadınlar əhalinin kənd təsərrüfatı sahəsində çalışan hissəsinin 56,7%-ni təskil edir. Qeyri-rəsmi statistikada bu rəqəm 85%-dir, birbaşa işi fermer təsərrüfatı ilə məşğul olmaqla bərabər, kənd təsərrüfatı sahəsində çalışıb, bunu ayrıca bir iş kimi görməyən, rəsmi statusu olmayan və buna görə əmək haqqı almayan qadınlar da bu statistikanın tərkibindədir”.
Təqdimatda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Kənd Təsərrüfatı Nazirliyinin, Avropa İttifaqının Bakı ofisinin, Sahibkarlar Konfederasiyasının və digər təşkilatların nümayəndələri çıxış edərək kampaniyanı yüksək qiymətləndirdiklərini və çalışdığı qurumların fəaliyyət istiqamətlərinə uyğun olaraq dəstək olacaqlarını vurğulayıblar.