Jalə Mütəllimova
Həyatın bəzi məqamlarda nə qədər ağır olduğunu göstərmək üçün iti misal başı eləmişik.
Amma indiyə qədər görmədim kimsə desin ki, it o gün gün-güzəranının bərbadlığından danışırdı.
Ya da məsələn it dərdini necə hürür ee?!.. Amma biz niyəsə hər şeyi aparıb itin başına bağlamağa öyrəşmişik. Başqa heyvanmı yoxdur?!.. Var, amma it kimi sədaqətlisi yoxdur...
Çəkdiyimiz bütün əzabların nə qədər ağır olduğunu ifadə eləmək üçün deyirik o qədər əzab çəkdim ki, it gününə qaldım...
Ya da o qədər işləyir ki, it kimi yorulur deyirik...
Fürsətdən istifadə eləyib kiməsə itin sözünü söyləməyə can atırıq...
Ehtiyacımız olanda susub, sonra “itin sözünü eşitdim” deyirik hirsimizdən...
Kiminsə yalanının üstünü açıb, “ filankəsi itdən betər elədim” söyləyib sevinirik hərdən...
İtin abrını verib tənbehlədiyimiz də olur birini...
Haqlı ya haqsız olduğu fərq etməz, deyinənin dalıyca “it kimi hürür” söyləyib qeybətini qırmamısınızmı heç?!..
Sonra o da eşidib sizi “İtdən alıb, itə verib” yəqin...
“İt kimi ulayacaqsan” qarğışlandığımız da olur yəqin...
“İt kimi tək qalacaqsan” söyləyib qorxudublar da bizi...
Uzaq olsun heyf çıxmaq üçün kiməsə “İt kimi öləcəksən” də deyildiyini eşitmişəm.
“İtə oxşayır” söyləyib ələ salan da, salınan da azmı olur?
“İtin balasıdır, yalan söyləyən!” deyib andını möhkəmlədən də görürük...
“Ay itin balası” deyib əzizləyənlərə də rastladıq...
“İt kimi hürmə” deyənlər də olur bir-birinə, savaşanda...
İşimiz düz getməyəndə “elə bil it ağzındayıq” söyləyərik...
Özünə baxıb itə həsəd aparacaqsan deyib hədələnənlər də var...
İnsafına it bağlayım deyib, ədalətsizliyə üsyanlar da olur hərdən...
Birinə ziyan vurmaq, ya da əksinə vurmamaqdan it kimi peşman olanlar da var aramızda...
İtin biri it! İt kimi yalvaracaqsan! Bunlar da aktual söyüşlərimizdir.
İçində itlə bağlılığı olan alqışın, qarğışın, əzizləmənin, tənqidin, tərifin siyahısını uzatmaq da olar. Hər işimizin, içində it mütləq var çünki. Allaha acıq getməsin bircə o qalıb ki, itə and içək.
“İt haqqı, günahım yoxdur” deyək məsələn...
Bəs görəsən bu şeyləri insan adına yükləsək necə səslənər?!
İnsan kimi işləməyib yorulub...
İnsan kimi yaşayır...
İnsan kimi sözünü deyir...
İnsan olub susmağı bacarır...
İnsan kimi dözür...
İnsan kimi tənbeh eləməyi bilir...
İnsan olub rişğənddən çəkinir...
İnsandır, qarğışdan utanır...
İnsan adamdır xətrə dəymir...
İnsan kimi insandır...
İnsaflı, ədalətli insandır...
Səni insan kimi əzizləyələr. İnsan kimi sevənlərin ola. Gözəldir! Amma it kimi sevib sevilmək arzusu olan insana rast gələndə yenə durursan. Anlayırsan ki, yox atam, biz itsiz ötüşə bilmirik. Əvvəldə demişdim axı, it kimi sədaqətlisi yoxdur insana...