Milli.Az anspress-ə istinadən bildirir ki, Xəzərin statusunun müəyyənləşdirilməsi üçün bir araya gələn Xəzəryanı ölkələrin nümayəndələri 39-cu iclasa bu gün yekun vurdular. Həştərxan sammitindən sonra işçi qrupunun ilk iclası Bakıda keçirildi. İki gündür aparılan danışıqlar zamanı bir sıra vacib prinsipial məsələlər həllini tapıb. Xarici işlər nazirinin müavini Xələf Xələfovun sözlərinə görə, Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın 80 faizə qədəri razılaşdırılıb.
“Xəzərin statusuna dair məsələlər 90-cı illərdən fərqli olaraq, bu gün yüksək səviyyəyə çatıb. Və əldə olunan razılaşmalar onu deməyə imkan verir ki, biz yaxın zamanda statusla bağlı məsələləri bütün Xəzəryanı dövlətlər arasında razılaşdırıb başa çatdırmağa nail olacağıq”.
Danışıqlar masasına əyləşənlər Xəzərin statusu ilə bağlı müzakirələrin hazırkı mərhələsini yekun qərara bir addım kimi qiymətləndirirlər.
İranın xarici işlər nazirinin müavini İbrahim Rəhimpur deyir ki, Konvensiya layihəsinin 6 maddəsi üzrə razılığa gəlmişik: “Xəzər üzrə hüquqi rejimin təmin olunması ilə yanaşı, Azərbaycanla ikitərəfli münasibətlər sahəsində də müzakirələr apardıq. Regionda xeyli münaqişə və böhranlar var. Biz imkan verməyəcəyik ki, sülh və əmin-amanlıq dənizi olan Xəzərə bu münaqişələr girə bilsin”.
Xəzərin statusu ilə bağlı növbəti iclas yaxın zamanlarda Tehranda baş tutacaq.
Milli.Az