Çingiz Özgür
Ya zəlzələdən, ya vəlvələdən ortaya çıxan xəbər “Ailədə anadan olan ikinci qız uşağına on min manat pul veriləcək” şəklində deyildimi? Yalan idi, doğru idi – bu artıq başqa məsələdi. Həm mən bunun tamamilə yalan olmasına da inanmıram, hardasa söz olaraq danışılıb. Hansısa dairələrdə müzakirə olunub. Hansısa formada bir gün ortaya çıxacaq. Ümumiyyətlə, mən bu proyektin əleyhinə də deyiləm. Mənim sözüm başqadı. Deyim...
Gülzar mənim tanıdığım, məktəb yaşında ərə gedən BİRİNCİ qız idi. Üç, ya da dörd yaş böyük idi məndən. Biz həm də qohum idik. Yəqin ki, ondan əvvəl də bu yaşlarda ərə gedənlər olmuşdu, amma mənim yaddaşımda, məktəb partasından ayrılıb ərə gedən birinci qız məhz o idi. Atası gənc yaşda xəstəliyə düçar olub, ölmüşdü. Beş uşaq idilər. Həyatın ağırlığı altında inləyən beş uşaq... İndi ailədən birinin aradan çıxmasına imkan yaranmışdı. Bir nəfər azaldığından ailənin ruzisi qalanlar arasında daha yaxşı bölünəcək, hər kəs daha artıq pay alacaqdı.
Gülzar sevinirdi. Yerə-göyə sığmırdı. Toy çalınırdı. Kəndin yeganə fotoqrafı, ağ –qara şəkillər çəkirdi. Qonşu kənddən gələn üç-dörd maşınlıq “gəlin karvanı” qapıya yaxınlaşırdı...
Sonra bir də, diş həkimində gördüyüm yadıma gəlir. Mən ağrıyan sonuncu süd dişimi çıxartdırmağa getmişdim, Gülzarsa tökülmüş dişlərinin yerinə protez qoydurmağa gəlmişdi.
O, toyda çəkilən bir ağ qara şəkildə Gülzarın üz ifadəsi hələ də yaddaşımdadır. Mən o ifadəni, uzun zaman heç bir şəkildə, heç kəsin üzündə görmədim. Axtarmırdım da, amma bilirdim ki, görən kimi tanıyaram, o ifadəni.
***
Səfurə bizim qrupun BİRİNCİsi idi. Qızlı oğlanlı, qırxdan çox tələbənin təhsil aldığı qrupun. Ta bilmirəm, qrupdakı hamının “təhsil aldığını” demək, nə dərəcədə düzgündür, ama ən azından dediyim qədər adamın adı qrup jurnalında var idi. Tək savadı ilə yox, həm də kasıb, sadə geyimi ilə, sakitliyi ilə birinci sayıla bilərdi. Qrupun tən yarısı, “alternativ yollarla” imtahanlardan qiymət almağında, qalanımız da, “kafi”nin, “yaxşı”nın köməkliyi ilə ağır xasiyyətli “rizik”lərin əlindən qurtarmağın dərdindəydik. Səfurə isə bütün imtahanlardan yüksək qiymət alır, hansı bileti çəksə, yerli-yataqlı cavab verirdi. Bir imtahan isə heç vaxt yaddaşımdan silinməyəcək. Əzazilliyi ilə ad çıxarmış müəllimlərimizdən birinin vəzifəyə getməsi xəbəri çıxmışdı. “Yuxarı”ların havası, müəllimin ürəyini yumşalmışdı deyə, heç kəsi kəsmək fikri yox idi. Amma fərqli qiymətlər bizim “ağ-qara” fakültəmizdə çoxdan yoxa çıxmışdı. İmtahanın sonunda, assistent ayağa qalxıb qiymətləri elan elədi “Səfurə dörd, qalan hamı üç !”
İllər sonra təsadüfən görüşdük. Kəndlərinin məktəbində müəllimə işləyirmiş. Təhsilini davam etdirməyi, alimlik zirvəsinə yüksəlməyi boş verin, magistraturanı oxutdurmağa imkanı çatmamışdı ailəsinin...
***
Paltomu şadlıq evinin qarderobuna verirdim ki, “Birinci hanı?” deyən, zəhmli səsə diksindim. Müəllimə səsi olduğunu ilk hərfi eşidəndə anlamışdım. Bir an mənə elə gəldi ki, çaşıb, şadlıq evi əvəzinə məktəbə girmişəm. Maşallah, bəzi şadlıq evləri əzəməti ilə çox məktəbi geridə qoyur. Qarşıdan qaça-qaça gələn “mələk qızı” görəndə anladım. Eşitdiyim səs, bəy-gəlinin ətrafındakı “mələk”lərin müəlliməsinin səsiydi. Uşaqları düzürdü. BİRİNCİ-nın arxasıyla, gözlərindəki yaşı silə-silə anası gəldi. Dayanıb nə olduğunu anlamağa çalışırdım. Ana, digər qızın anasına “Yenə ağlatdı məni. Deyirəm bugünkü pula özünə ayaqqabı al, deyir, yox, atamın dərmanlarını alaq, sonra” deyəndə, daha orda dayana bilmədim...
***
Keçən illərdə, Facebookda başladılmış, daha sonra geniş vüsət almış xeyriyyə aksiyası hamımızın yadındadı. Körpə bir qızı, xəstəliyin cəngindən almaq üçün, vicdanı, düşüncəsi olan, əlindən gələn nə varsa etməyə hazır olan insanlar, BİRİNCİ dəfəydi ki, bu cür təşkilatlanırdılar. Səylər nəticəsiz qaldı. Ya hamımız gecikmişdik, ya da əzrayıl, bu günahsız körpə qızcığazı bu dünyadan aparmağa çox tələsirdi...
Buyurun, bunlar mənim bildiyim, gördüyüm minlərlə BİRİNCİ qız faciələrindən, problemlərindən sadəcə bir neçəsi. Bu yazını, bəxt-talesiz, imkansız qızlarımızın hekayəsi ilə, nə qədər istəsən uzatmaq olar. Siz də xatırlamağa çalışın. Ya da heç çalışmayın, eləcə xatırlayın. Həyatımızın hər döngəsi, böynubükük bir qız, bir qadın, bir insan hekayəsi ilə dolu deyilmi?
Yaxşı, deyək ki, İKİNCİ qızlara on min verildi, bəs BİRİNCİ qızlar? Birinci, ya ikinciliyindən, qız ya oğlanlığından asılı olmayaraq, hər kəsin ehtiyacının təmin edilə biləcəyi, hər kəsə öz ehtiyaclarını ödəmək üçün işləyib qazana biləcəyi şərait olarsa, kiminsə nə ikinci qız üçün verilən on minə, nə də on min manatı almaq üçün ikinci qıza ehtiyacı qalmayacaq. Elə deyil?