Son dövrlər sosial şəbəkələrdə geniş yayılan buz vannası, üz masajı və kofein tərkibli kremlərin effektivliyi müzakirə mövzusudur.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, dermatoloq Ayşenur Şam Sarı bildirib ki, səhər saatlarında üz şişkinliyi daha çox yuxusuzluq, duzlu qidalanma və ya qan dövranının zəifləməsi ilə bağlı yaranır və əksər hallarda gün ərzində azalır.
Onun sözlərinə görə, buz tətbiqi və soyuq kompreslər qısa müddətdə effekt verə bilər. Soyuq təsir damarların müvəqqəti daralmasına səbəb olur və nəticədə şişkinliyin görünüşü azalır. Lakin bu təsir uzunmüddətli olmur.
Mütəxəssis qeyd edib ki, xüsusi daşlarla edilən üz masajı qan dövranını və limfa axınını stimullaşdırsa da, bu üsul tibbi müalicə hesab edilmir, yalnız kosmetik baxım vasitəsidir. Eyni zamanda, kofein tərkibli kremlərin də oxşar şəkildə qısa müddətli təsir göstərdiyi bildirilir. Bu məhsullar damarları daraldaraq xüsusilə gözaltı şişkinliyi azaltmağa kömək edə bilər, lakin nəticələr fərddən asılı olaraq dəyişir.
Dermatoloq vurğulayıb ki, bu üsulların hamısı yalnız müvəqqəti effekt verir. Davamlı nəticə üçün düzgün yuxu rejimi, balanslı qidalanma və sağlam həyat tərzi əsas rol oynayır.
Qeyd olunub ki, üz şişkinliyi uzun müddət davam edərsə, bu hal allergik reaksiyalar, hormonal dəyişikliklər və ya digər xəstəliklərlə bağlı ola bilər və mütləq həkim müayinəsi tələb olunur.