Göbələk zəngin tərkibi, tərkibindəki yüksək protein, vitamin və minerallarla insan orqanizmi üçün olduqca faydalı bir qidadır. Xüsusilə immuniteti gücləndirməsi, antioksidant təsiri və aşağı kalorili olması onu pəhrizlərin əvəzolunmaz hissəsinə çevirir. Lakin yay aylarında göbələk istehlakı ilə bağlı ciddi suallar meydana çıxır ki, bunun da əsas səbəbi isti hava şəraitində məhsulun tez xarab olma ehtimalıdır.
Metbuat.az xəbər verir ki, mütəxəssislərin apardıqları araşdırma nəticəsində məlum olub ki, yayda göbələk yeməyin əsas təhlükəsi onun saxlanma və daşınma şəraiti ilə birbaşa bağlıdır. Yüksək temperaturda meşə göbələklərinin tərkibindəki zülallar sürətlə parçalanır və bu, ən zərərsiz növün belə ağır zəhərlənməyə yol açmasına səbəb ola bilər. Bundan əlavə, isti və rütubətli yay havası zəhərli göbələklərin artımını sürətləndirir, bu isə təbiətdən şəxsən göbələk toplayanlar üçün riski maksimuma çatdırır. Bu mövsümdə yabanı göbələklərdən tamamilə uzaq durmaq həyati əhəmiyyət kəsb edir.
Yay aylarında bu faydalı qidadan imtina etmək istəməyənlər yalnız ciddi nəzarətdən keçmiş, laboratoriya təsdiqi olan istixana göbələklərinə üstünlük verməlidir. Marketdən alınan məhsulun təravətinə, rənginə və qablaşdırılma tarixinə diqqət yetirmək, alındıqdan dərhal sonra soyuducuda saxlamaq və qısa müddətdə bişirmək şərtdir. Yayda düzgün seçilmiş və düzgün şəraitdə hazırlanmış göbələk tamamilə təhlükəsizdir və orqanizmə yalnız fayda verər.