İsti yay günlərində sərinləmək üçün alternativ yollar axtaranların dadına əsrlər boyu saray mətbəxlərini bəzəyən qədim bir ənənə çatır. Orta əsrlərdən bu günə qədər gəlib çıxan, xüsusilə isti aylarda bədəni təravətləndirmək və susuzluğu yatırmaq üçün istifadə edilən təbii şərbətlərə maraq yenidən artıb.
Metbuat.az xəbər verir ki, təbii bitkilərin, çiçəklərin və meyvələrin möcüzəvi birləşməsindən hazırlanan bu qədim içkilər süni və qazlı içkilərdən qaçaraq sağlam şəkildə sərinləmək istəyənlərin yay aylarında bir nömrəli seçiminə çevrilir. Həm ağzı dadlandıran, həm də bədən temperaturunu tarazlayan bu əvəzsiz nemətlər, tərkibindəki təbii komponentlər sayəsində insanı daxildən gələn bir fərəhliklə təmin edir.
Bu zəngin şərbət mədəniyyətinin yay aylarında ən çox üstünlük verilən və insanı anında sərinlədən növlərindən biri də şübhəsiz ki, reyhan şərbətidir. Özünəməxsus xoş ətri və bənövşəyi rəngi ilə göz oxşayan reyhan, isti havalarda bədəni sərin tutmaqla yanaşı, həzm sistemini rahatladır və yay yorğunluğunu aradan qaldırır. Hazırlanması olduqca sadədir. Bir dəstə təzə reyhan yuyularaq dərin bir qaba qoyulur. Sonra isə üzərinə limon duzu və ya təzə sıxılmış limon suyu, istəyə görə şəkər tozu və qaynar su əlavə edilərək dəmlənməyə qoyulur. Soyuduqdan sonra buz parçaları ilə servis edilən bu təbii iksir, yayın qızmar istisində həm ruhu, həm də bədəni təravətləndirən ən sağlam içkidir.