Son illər həm dünyada, həm də Azərbaycanda kişi sağlamlığı ilə bağlı ən çox müzakirə olunan və narahatlıq doğuran mövzulardan biri prostat vəzi xərçəngidir. Təəssüf ki, bir çox hallarda bu xəstəlik vaxtında diaqnoz qoyulmaması və ilkin simptomlara laqeyd yanaşılması səbəbindən ciddi fəsadlara və ölüm riskinin artmasına yol açır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, kişilərin bu mövzuda vaxtında məlumatlandırılması xəstəliyin qarşısının alınmasında həlledici rol oynayır.

Mövzu ilə bağlı mühüm məqamlara toxunan həkim Cavid Vaqifoğlu Metbuat.az-a açıqlamasında bildirib ki, kişilər arasında cinsi zəiflik, erkən erektil disfunksiya və digər uroloji narahatlıqlar sadəcə fərdi problem deyil, orqanizmdə baş qaldıran daha ciddi fəsadların ilkin siqnalları ola bilər: “Bir çox pasiyentlər tibbi yardıma müraciət etmək əvəzinə, müvəqqəti təsir göstərən süni stimullaşdırıcılara və ya mənşəyi məlum olmayan vasitələrə üz tuturlar. Bu cür yanaşma isə xəstəliyin kökünü həll etmir, əksinə, real müalicəni gecikdirərək problemin gizli şəkildə irəliləməsinə şərait yaradır”.

Cavid Vaqifoğlu qeyd edir ki, vaxtında müalicə olunmayan iltihabi proseslər, xroniki prostatit və çanaq nahiyəsindəki qan dövranı durğunluğu illər keçdikcə bədxassəli şişlərin yaranma riskini artıran faktorlara çevrilir. Bu xəstəlik ilk mərhələlərdə demək olar ki, ağrısız və simptomsuz keçdiyi üçün kişilər tərəfindən çox vaxt gözardı edilir.

“Bu gizli qorxunun reallığa çevrilməməsi üçün ildə ən azı bir dəfə profilaktik uroloji müayinələrdən keçmək, zərərli vərdişlərdən uzaq durmaq və bədənin verdiyi siqnallara vaxtında reaksiya vermək mütləqdir”, - həkim belə deyib.

C.Vaqifoğlu vurğulayıb ki, müvafiq yaş qrupuna daxil olan, eləcə də genetik meyilliyi olan kişilərin qan analizləri (PSA testi) və ultrasəs müayinələrini (USM) təxirə salması gələcəkdə bərpası mümkün olmayan fəsadlara yol açır: “Müasir tibb ilkin mərhələdə aşkarlanan uroloji xəstəlikləri tam və fəsadsız müalicə etməyə qadirdir, yetər ki, pasiyentlər subyektiv çəkinmələrə qalib gələrək vaxtında peşəkar mütəxəssisə müraciət etsinlər”.

Nazim Hüseynzadə / Metbuat.az