İtaliyada qripəbənzər simptomlarla müşayiət olunan yeni xəstəlik səbəbindən çox sayda insanın həyatını itirdiyi bildirilir. Hazırda Azərbaycanda da insanlar oxşar əlamətlərlə müşayiət olunan xəstəlikdən əziyyət çəkir və müalicə prosesi bəzi hallarda uzun müddət davam edir. Bununla belə, Səhiyyə Nazirliyi tərəfindən ölüm halları ilə bağlı hər hansı rəsmi məlumat açıqlanmayıb. Bəs ölkəmizdə hazırda yayılan qripəbənzər virus İtaliyadakı vəziyyət qədər təhlükəli hesab oluna bilərmi?
İnfeksionist həkim Ləman Qalimova Metbuat.az-a açıqlamasında bildirib ki, hazırda Azərbaycanda yayılan virus respirator xarakter daşıyır və əsasən influensa virusudur:
"Statistik göstəricilərə əsasən, hazırda daha çox yayılan hallar məhz influensa ilə bağlıdır. Xəstələr əsasən öskürək, halsızlıq, temperaturun yüksəlməsi, bəzən isə qarın ağrısı, diareya və qusma kimi şikayətlərlə müraciət edirlər. Pasiyentlərdə ağırlaşma halları əsasən çoxlu maye itkisi nəticəsində baş verir. Belə vəziyyətlərdə mütləq şəkildə həkimə müraciət etmək lazımdır. Əgər yüksək temperatur üç gündən artıq davam edirsə və heç bir dərman preparatı ilə aşağı düşmürsə, bu zaman xəstə mütləq həkimə və ya tibb müəssisəsinə müraciət etməlidir".
Həkim diqqətə çatdırıb ki, həm uşaqlarda, həm də böyüklərdə, yaş fərqi olmadan, qarın ağrısı, diareya, qusma kimi şikayətlər müşahidə olunarsa və temperatur uzun müddət davamlı, yəni direncli şəkildə qalarsa, mütləq həkimə müraciət olunmalıdır.
L.Qalimova qeyd edib ki, susuzlaşma ağır fəsadlara, hətta ölüm hallarına səbəb ola bilər. Buna görə də vaxtında tibbi müdaxilə olduqca vacibdir.
Sevinc İbrahimzadə / Metbuat.az