“Əhalinin dərman təminatını yaxşılaşdırmaq və tibbi sığorta sisteminin maliyyə dayanıqlığını artırmaq məqsədilə Nazirlər Kabineti tərəfindən yeni qaydalar təsdiq edilib”.
Metbuat.az xəbər verir ki, bu fikirləri Gəncə şəhərində media nümayəndələri üçün təşkil edilən təlimdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib.
O bildirib ki, bu qaydalara dərmanların Xidmətlər Zərfinə daxil edilməsi və çıxarılması üçün meyarlar daxildir:
“Dərman təminatı ilə bağlı ən vacib yeniliklərdən biri də “Pozitiv siyahı”nın formalaşdırılmasıdır. Qeyd edək ki, pozitiv siyahı icbari tibbi sığorta hesabına ödəniləcək dərmanların rəsmi siyahısıdır və həmin siyahının ilkin mərhələsi hazırlanır. Siyahıya daxil edilən dərmanlarla bağlı bütün məlumatlar - təsiredici maddə, dozalar, kompensasiya faizləri - Agentliyin rəsmi saytında dərc olunacaq".
Agentlik rəsmisi qeyd edib ki, ilkin etapda siyahıya ürək-damar xəstəliklərinin müalicəsində istifadə olunan, qan təzyiqini salan dərmanlar daxil edilib;
"Bu dərmanların dəyərinin tam şəkildə və ya müəyyən hissəsinin Sığorta Fondu tərəfindən qarşılanması nəzərdə tutulur.
Eyni zamanda, dərmanların siyahıya daxil edilməsi üçün tələb olunan meyarlar da təsdiqlənib. Bunun üçün dərmanın dövlət reyestrində qeydiyyatda olması, keyfiyyət, təhlükəsizlik və effektivlik tələblərinə cavab verməsi, qiymətinin dövlət tərəfindən tənzimlənməsi və ən əsası Sığorta Fondunun maliyyə imkanlarına uyğun olması əsas şərtlərdir".
Aynurə Əhmədova qeyd edib ki, dərmanların təyin olunması üçün əsas mexanizm kimi elektron resept sistemi müəyyən edilib:
"Elektron reseptlərin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumat bazası ilə inteqrasiyası üzrə texniki işlər artıq aparılır.
Sığorta hesabına qarşılanan dərmanlar yalnız Agentliklə müqavilə bağlayan özəl apteklərdən veriləcək. Bu apteklər xüsusi loqo ilə işarələnəcək ki, vətəndaşlar onları asanlıqla tanıya bilsinlər”.