Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində "Qarabağ"ın qonağı olacaq Ukraynanın "Vorskla" klubunun baş məşqçisi Vasili Saçko oyunöncəsi mətbuat konfransı keçirib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Olimpiya Stadionunun konfrans zalında jurnalistlərin qarşısına İqor Perduta (İ.P.) ilə çıxan təcrübəli mütəxəssis əvvəlcə sabahkı qarşılaşma haqda düşüncələrini bölüşüb.
- Yaxşı insanlar, yaxşı şəhər, yaxşı şəraitlə qarşılaşmışıq. Sabah bizi maraqlı oyun gözləyir. Sabahkı matçda nə bizə, nə də "Qarabağ"a itiriləsi bir şey olmayacaq. Bu səbəbdən də gərgin qarşılaşma baş tutacaq.
- (İ.P.) Sabah bizim üçün də, "Qarabağ" üçün də vacib görüş olacaq. "Qarabağ" çox yaxşı rəqibdir. Zəngin təcrübələri var. Sürətli hücum xəttinə malikdir. Mədətov, Zubir və Emeqaranı qeyd edə bilərəm. Bizə çətin olacaq. Ümid edirəm ki, azarkeşlər məmnun qalacaq.
- Kobaxidze, Vasin, Kravçenko, Kadimyanın gəlməyəcəyi əvvəlcədən məlum idi. Başqa itkiləriniz varmı?
- Biz "Şaxtyor" deyilik ki, əlavə yetərincə qüvvəmiz olsun. Onların yoxluğu bizim üçün itkidir. Ancaq digər uşaqlar şans qazanacaq ki, "Qarabağ" kimi ciddi rəqiblə oynasınlar.
- Bakını bəyəndiyinizi qeyd etdiniz. 15 il öncə çiyin-çiyinə oynadığınız futbolçulardan kiminləsə görüşmək imkanınız olubmu?
- Doğrudan da, böyük hörmət bəslədiyim oyunçular olublar. Onların vasitəsilə əls azərbaycanlıların nə demək olduğunu öyrənmişəm. Hələ görüşməmişəm, amma bu gün görüşməyi planlaşdırıram.
- İqor, belə bir informasiya yayılıb ki, bir neçə aydı maaş almırdınız. Dünən isə bir aylıq məvacib aldığınız bildirildi. Bu, sizin üçün əlavə stimul ola bilərmi?
- Rəhbərlik məvacibi zamanında ödəməyə çalışır. Olur bəzən gecikmələr. Lakin bütün bu problemlər arxada qalıb.
- "Qarabağ"ı təhlil etmisiniz. Hansı müsbət və mənfi tərəflərini qeyd edə bilərsiniz?
- "Qarabağ"ı çox yaxşı tanıyıram. Yadımdadı ki, "Dnepr"ə necə problemlər yaşadıb. Qrupumuzun favoriti "Arsenal" və "Sportinq"di. Azərbaycan çempionu sürətli futbol sərgiləyir. Milli komandalarında oynayan yetərincə futbolçuya sahibdir. Avroliqanın hər iki oyununu izləmişəm. Favoritlərdən hələ xal qoparacağını düşünürəm. Bakıdan 3 xal aparmaq istəyirəm. Mənfi cəhətlərindən danışmaq istəmirəm. Bunu qoy, ürəyimdə saxlayım. Qurban Qurbanovun işinə də bələdəm və anlayıram ki, bizi çətin anlar gözləyir. Ancaq biz də kurorta gəlməmişik. Bura sürprizlərlə gəlmişik. Əlbəttə, "Sportinq"lə ev oyununda üzücü məğlubiyyət bizə pis təsir etdi. Bu da oyunçu çatışmazlığından irəli gəldi ki, son dəqiqələrdə 2 top buraxdıq. Amma Bakıda rəqib nə qədər güclü və təcrübəli olsa da, biz müsbət nəticə əldə etməyə çalışacağıq.
- Komanda 3 saatlıq yol qət edib. Futbolçuların fiziki durumu necədir və psixoloji cəhətdən yetirmələrinizi necə hazırlayacaqsınız?
- Başqa variantımız yoxdur. Coğrafi mövqelərimiz belədir. Təşkilatçılara bizi yüksək səviyyədə qarşıladıqlarına görə təşəkkürümü bildirirəm. Əlbəttə, vaxt azdır, lakin çalışacağıq ki, bərpa olaq.
- Dörd gün öncə Kiyev "Dinamo"suyla qarşılaşmışdınız. Həmin yorğunluğu üzərinizdən ata bilmisinizmi?
- Əlbəttə, xeyli güc sərf etdik. Ancaq məşqçi heyəti və tibbi personalın vəzifəsi oyunçuları bərpa etmək, hazırlamaqdı. "Qarabağ" da eyni vəziyyətdədi. Əlbəttə, daha çox enerji toplamaq istəyərdik. Bilirik ki, bizi çətin oyun gözləyir. Qalib gələndə, bərpa prosesi də tez keçir. Ancaq inanmıram ki, bu, yetirmələrimə mənfi təsir göstərsin. Çünki sabah bizi Avropa Liqasının matçı gözləyir.
- Gegam Kadimyanın zədə səbəbindən gəlməməsi məlumdu. Zədəli olmasaydı, Bakıya gələcəkdimi? Cavab oyununda oynaya biləcəkmi?
- Bu günkü günə o, zədəlidir. Sağlam olsaydı, buna uyğun qərar qəbul olunacaqdı. Cavab qarşılaşmasına hazır olub-olmayacağını indidən deyə bilmirəm.
Milli.Az