Prezident yanında Elmin İnkişafı Fondu tərəfindən “Aqrar tədqiqatlar” məqsədli qrant müsabiqəsi elan olunub.
Fondun mətbuat xidmətindən Publika.az-a verilən
məlumata görə, müsabiqə çərçivəsində fundamental, tətbiqi,
eksperimental, akademik, empirik, innovativ, nəzəri xarakterli və
300 000 manatadək maliyyə həcmli layihələr maliyyələşdiriləcək.
Müsabiqədə iştirak etmək üçün layihələr oktyabrın 22-dən dekabrın
21-i saat 17:00-dək qəbul olunacaq. Müsabiqənin nəticələrinin
2019-cu ilin 1-ci yarısında açıqlanması planlaşdırılır.
Bu müsabiqəyə layihələr yalnız Elmin İnkişafı Fondunun yaratdığı
innovativ texnologiya olan “e-QRANT”=“Qrant layihələrinin Elektron
İdarəolunması Sistemi” (http://e-grant.sdf.gov.az/) vasitəsilə təqdim
edilə bilər. Bu sistem elektron-hökumət prinsipləri əsasında
qurulub və “ASAN-İmza”dan istifadəni nəzərdə tutur.
Elmin İnkişafı Fondu müsabiqəyə təqdim olunmuş layihələrin elmi
ekspertizası işini və qalib layihələrin vaxtaşırı monitorinqini
təşkil edəcək. Layihələrin qəbulu üçün nəzərdə tutulmuş müddət
ərzində “e-QRANT” sisteminə qoşulma və ondan istifadə üzrə,
həmçinin qrant iddiaçılarına kömək və sualların cavablandırılması
məqsədilə məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub.
Müsabiqənin elan olunmasında məqsəd elmi-tədqiqat institutlarının,
akademik və ali təhsil sistemindəki elmi müəssisə və təşkilatların,
institut və laboratoriyaların, bölmə və mərkəzlərin, digər uyğun
strukturların elmi fəaliyyətini stimullaşdırmaq, modern elmi cihaz,
avadanlıq və qurğularla təminatını təkmilləşdirmək, aqrar elmin
ayrıca götürülmüş istiqamətlərinin inkişafını əlavə olaraq
dəstəkləmək, kadr hazırlığını təmin etmək üçün adıçəkilən
qurumlardan olan alim və yüksək ixtisaslı mütəxəssislərin müvəqqəti
yaradılmış elmi-yaradıcı kollektivləri tərəfindən təqdim edilmiş
müxtəlif xarakterli layihələri qrantlar verilməsi yolu ilə
maliyyələşdirməkdir. Müsabiqə aqrar elm sahəsində multidissiplinar
və beynəlxalq araşdırmaların dəstəklənməsinə, qısa müddət ərzində
rəqabət apara biləcək elmi nəticələrin alınmasına əlavə şərait
yaradacaq. Layihələrdə maliyyə (stimullaşdırıcı əmək haqqı) və
maddi-texniki təminatla (cihazlar, qurğular və avadanlıqlar)
yanaşı, paralel olaraq kadr hazırlığı (ezamiyyətlər yolu ilə) da
nəzərdə tutulur.