İranın bir sıra şəhərlərində iş adamları ölkədəki iqtisadi problemlərə etiraz olaraq tətilə başlayıblar.
Publika.az İran mediasına istinadən xəbər verir ki, iş adamları kütləvi şəkildə mağazaları bağlayırlar.
Sosial şəbəkələrdə paylaşılan görüntülərdə paytaxt Tehran, həmçinin Təbriz, Kirmanşah və İsfahan kimi böyük şəhərlərdə mağaza və marketlərin olduğu küçələrin tamamilə boş olduğu görünür. Paytaxtın ən əhəmiyyətli ticarət mərkəzlərindən biri olan “Qapalı bazar”ın işçiləri də tətil elan edib.
“16 Mehr (8 Oktyabr) etirazı” adı ilə keçirilən tətilə digər şəhərlərdəki iş adamlarının qoşulacağı gözlənilir. Ticarət mərkəzlərini bağlayan iş adamları sosial şəbəkələr vasitəsilə digər şəhərlərdəki həmkarlarını eyni addımı atmağa çağırıblar.
Tətil Güney Azərbaycanın bir sıra şəhərlərini, o cümlədən Təbriz, Qoşaçay və Əbhəri bürüyüb. Təbrizin ən böyük bazarı olan Darayi də fəaliyyətini dayandırıb.
Qeyd edək ki, hökumətin iqtisadiyyat sahəsində atdığı addımlar dolların bahalaşmasının qarşısını ala bilmir və iqtisadi böhran ağırlaşmaqda davam edir. Qara bazarda dollar təxminən 14 min tümən dəyərindədir.
Xatırladaq ki, ötən ilin dekabrında İranın Məşhəd şəhərində iqtisadi problemlər üzündən başlayan və ölkənin bir çox şəhərinə yayılmış etiraz aksiyalarında 25 nəfər həlak olmuşdu.
Ömər Dağlı