Dünən Tacikistanın paytaxtı Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında söhbət oldu. Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, tərəflərin təmas xəttində və Ermənistan ilə Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını bildiriblər.

Tərəflər müvafiq strukturlar arasında operativ əlaqə qurulması üçün mexanizmlərin yaradılmasını qərara alıblar.

Demək olar ki, bununla da Ermənistan tərəfindən əvvəlki danışıqlar prosesinin formatının dəyişdirilməsi cəhdlərinə son qoyuldu. Halbuki, əvvəllər Paşinyan iddia edirdi ki, danışıqlar Azərbaycan və qondarma "DQR" arasında aparılmalıdır. Amma indi davakar ritorika aradan qalxdı. Liderlərin Düşənbə görüşündə danışıqlar prosesinə sadiqlik nümayiş etdirildi, görüş göstərdi ki, danışıqlar Azərbaycanla Ermənistan arasında aparılır və aparılacaqdır.

Bir daha təsdiq olundu ki, məhz Ermənistan münaqişə tərəfidir və danışıqlar da onunla davam etdiriləcək.

Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin Düşənbə görüşünün nəticələrini şərh edən politoloq, Qərb Universitetinin professoru Fikrət Sadıxov Publika.az-a açıqlamasında bildirib ki, Azərbaycan tərəfi danışıqlar prosesinə sadiqliyini dəfələrlə nümayiş etdirib, sülhsevər olduğunu göstərib və bunun özü qarşı tərəfə böyük güzəştdir.

Politoloq qeyd edib ki, danışıqların Azərbaycan və qondarma "DQR" arasında aparılmalı olduğununa dair Nikol Paşinyanın indiyə kimi səsləndirdiyi bəyanatlar heç bir normaya və məntiqə sığmırdı. Onun sözlərinə görə, beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in sənədlərində münaqişə tərəflərin məhz Azərbaycan və Ermənistanın olması öz əksini tapıb.

“Separatçı rejim heç bir halda danışıqlarda iştirak edə bilməz. Çünki, qeyri-legitim bir rejimdir, işğal olunmuş Azərbaycan torpaqlarında yaradılıb və oradan azərbaycanlılar qovulub. Belə bir qondarma rejimlə necə danışıqlar aparmaq olar. Bu rejimlə birbaşa danışıqlar cəfəngiyyatdır və biz buna heç vaxt getmərik”, - o vurğulayıb.

Fikrət Sadıxovun sözlərinə görə, Paşinyan ötən 4-5 ay müddətində Azərbaycan və qondarma "DQR" arasında birbaşa danışıqların mümkünsüz olduğunu dərk etməyə başlayıb:

“Hər halda, bunu başa düşməyə məcbur oldu. Gücümüzü nümayiş etdirdik, irimiqyaslı təlimlər keçirildi. O, başa düşdü ki, onunla zarafat etmirik və zarafat etmək fikrində deyilik. Hərbi parad zamanı da hərbi texnikamızı gördülər. Yəni, bütün bunların hamısı bir işarədir. Zənnimcə, Ermənistan faktiki olaraq, danışıqlara məhkumdur. Oktyabr ayında nazirlər arasında növbəti görüş keçiriləcək. Düşünmürəm ki, bu görüş dərhal hansısa bir nəticə verəcək, amma bu, o deməkdir ki, danışıqlar əvvəlki formatda davam etdiriləcək. Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı söhbətin nəticəsi də göstərdi ki, İrəvan faktiki olaraq danışıqlara hazır olduğunu nümayiş etdirir”.

Ömər