Sentyabrın 28-də Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov ilə bu ölkənin bələdiyyə və ətraf mühit naziri Mohammad bin Abdullah Əl-Rumeyhi ilə görüşüb.
Səfirlikdən Publika.az-a bildiriblər ki, görüşdə Azərbaycanda qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişafı sahəsində görülən işlərdən və bu sahədə olan mövcud potensialdan bəhs olunub.
Səfir yüksək səviyyəli qarşılıqlı səfərlərin və həm ekologiya, həm də kənd təsərrüfatı sahələrində müvafiq əməkdaşlıq sazişlərinin imzalanmasının əhəmiyyətini qeyd edib, sözügedən istiqamətlər üzrə geniş əməkdaşlıq perspektivlərinin mövcud olduğunu bildirib.
Diplomat, həmçinin bildirib ki, Azərbaycanın yerləşdiyi strateji mövqe, ölkədə mövcud siyasi və iqtisadi sabitlik, xarici investisiya haqqında qanunvericilik, kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştləri, eləcə də, zəngin təbii resurslar, iqlim şəriəti və digər bu kimi amillər son illər ölkəmizin kənd təsərrüfatı sahəsinə investisiya qoyuluşu üçün cəlbedici imkanlar yaradıb.
Nazir Mohammad bin Abdullah Əl-Rumeyhi Qətər tərəfinin ekologiya və kənd təsərrüfatı sahəsində Azərbaycan ilə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib, bu sahədə əlaqələrin genişlənməsinə lazımi dəstək verməyə hazır olduqlarını bildirib.