Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın xarici işlər naziri Zöhrab Mnasakanya BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Nyu-Yorkda görüşdü.
Publika.az xəbər verir ki, görüş əvvəlcə Minsk qrupu həmsədrlərinin iştirakı ilə keçirilib, daha sonra nazirlər ikilikdə müzakirələr aparıblar. Nazirlər dialoqun davam etdirilməsi üzərində razılığa gəliblər, hətta növbəti görüşün oktyabrda olacağı gözlənilir.
“Ümumilikdə danışıqlar 3 saatdan çox davam etdi. Bu münaqişənin davam etməkdə olan həllinin inkişafı üzrə, habelə bölgəyə dayanıqlı sülhün gətirilməsi üçün nə edilməli olduğu məsələlərinə dair maraqlı və mühüm fikir mübadiləsi oldu. Biz danışıqların həmsədrlərin bölgəyə səfəri də daxil olmaqla gələn ay davam etdirilməsinə razılaşdıq”, - deyə Məmmədyarov görüş haqqında bildirib.
Bu görüşün təmas xəttində gərginliyi azaldacağına və
Ermənistanın konstruktiv mövqe ilə danışıqlar masasına qayıtması
ilə nəticələnəcəyinə ümidlər var idi. Lakin işğalçı ölkə görüş
ərəfəsində Dağlıq Qarabağda hərbi aviasiya təlimlərinə başlamaqla
ümidləri “beşiyində boğdu”. Hərçənd, oktyabrda nazirlərin yenidən
görüşü gözlənilsə də, bundan da ciddi nəticə gözləmək çətindir.
Böyük ehtimalla Ermənistan tərəfi həmsədrlərin istəyini yerə
salmamaq üçün bu görüşə formal olaraq razılıq vermişdi. Çünki
görüşdən öncə Paşinyan Mnasakanyan da daxil olmaqla başının
dəstəsini toplayıb işğal altındakı Qarabağa səfər etdi və “biz sülh
istəyirik, lakin müharibəyə də hazırıq” mesajını verdi. Sentyabrın
25-də - nazirlərin görüşündən bir gün öncə Qarabağdakı separatçı
rejim Ermənistan hakimiyyətinin göstərişi ilə aviasiya təlimlərinə
start verdi. Təlimlərin bu gün – sentyabrın 28-də başa çatması
gözlənilir. Nikol Paşinyanın özü isə BMT tribunasında çıxışı zamanı
Azərbaycanı qondarma iddialarla ittiham etdi və müharibəyə açıq
çağırış etdi. Nazirlərin görüşdüyü vaxt isə erməni hərbi
birləşmələri cəbhədə təxribata əl atdı, Ordumuzun cavab atəşi
nəticəsində düşmən itki verərək geri çəkildi. Bu, onu deməyə əsas
verir ki, siyasətçilərdən çox silahlar danışır. Və bütün bunlar
danışıqlar masasının çoxdan boş qaldığını və Ermənistanın qondarma
iddiaları davam etdiyi müddətdə bundan sonra nazirlərin istənilən
görüşünün nəticəsiz başa çatacağını deməyə əsas verir. Çünki
Ermənistanın bütün addımları təxribat xarakteri daşıyır və açıq
şəkildə müharibənin başlanmasına hesablanıb.
Ermənistan ictimaiyyətinin özü də danışıqlardan heç bir nəticə
gözləmədiklərini, Paşinyan hökumətinin qarşıdurma yaradacaq
addımlar atdığını bildirirlər.
Misal üçün, erməni şərhçi Sərkis Artsruni yazır ki, nəticəsiz danışıqlar Qarabağda yeni eskalasiyanın başlanmasına gətirib çıxara bilər.
“Ön cəbhədə gərginlik artır və Yaxın Şərqdəki eskalasiya fonunda
baş verənlər bizim regionumuzda da böyük toqquşmanın ola biləcəyini
göstərir”, - deyə erməni şərhçi müharibənin nəticəsinin Ermənistan
üçün ağır ola biləcəyindən qorxduğunu etiraf edir.
Əslində Nikol Paşinyanın bütün təxribat davranışları Azərbaycana
əraziləri azad etmək üçün hərbi yoldan başqa çıxış qoymur. Və bunu
yaxşı anlayan rəsmi Bakı böyük ehtimalla bu planı masada önə çəkib.
Xüsusilə Rusiya-Ermənistan münasibətlərinin uçurumun kənarına qədər
gəlib çıxması da şərtləri Azərbaycanın xeyrinə dəyişdirir.
Bu kontekstdə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya
ilə mübarizə komitəsinin üzvü Zahid Orucun Rusiya prezidenti
Vladimir Putinin Bakı səfərinə həsr etdiyi məqaləsində toxunduğu
məqam diqqət çəkir.
“Qəlbi Amerikanın, ətəyi Avropanın yanında olan bir dövlətin arxasını Qarabağda rus əsgəri qoruyası deyil. Ermənistan Rusiyanın forpostluğundan çıxan kimi Azərbaycan əsgəri döyüş əmrini alacaq! Güclü liderlər və sərkərdələr müharibəni əvvəlcə siyasi-diplomatik cəbhədə qazanır, sonra silahlı meydana atılır. İlham Əliyev on illər ərzində apardığı transmilli iqtisadi-enerji savaşını gerçək hərbi eskalasiyaya çevirməyə hazırdır! Azərbaycan Ordusunun qələbəsi tarixdə ilk dəfədir, nə Moskvanın, nə Tehranın, nə də Qərbin məğlubiyyəti olacaq!”, - deyə Z. Oruc yazır.
Ola bilərmi ki, rəsmi Bakı cəmiyyətə əraziləri işğaldan etmək üçün müharibəyə hazırlaşmaq mesajlarını verir? Və bu prosesdə Azərbaycan liderinin əslində hər şeyi hər kəsdən yaxşı bildiyi və sadəcə olaraq siyasi məqamın yetişməsinə qədər gözləmək seçimini etdiyini və bu məqamın yetişməkdə olduğu göstərilir?
Bu sualların cavabı hələ ki qeyri-müəyyəndir. Müəyyən olan məqam
isə Bakının artıq ordunu Qarabağa yeridə biləcəyidir və böyük
ehtimalla buna hazırlıq gedir. Azərbaycan liderinin illərlə
ilmə-ilmə hördüyü siyasi şərtlərin yetişməsi də həlledici məqamın
çatdığını deməyə əsas verir.
Asif