Rusiya prezidenti Vladimir Putin sabah Bakıya gəlir.
Bakı görüşündə Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı
ilə bir sıra mühüm məsələləri müzakirə edəcək. Xüsusilə iki ölkə
arasında iqtisadi əlaqələr və geosiyasi proseslər müzakirə
masasında əsas gündəmdir.
Publika.az rusiyalı politoloqların Putinin Bakı səfəri
haqqında şərhlərini təqdim edir:
Rusiya Siyasi Tədqiqatlar İnstitunun direktoru, politoloq
Sergey Markov Azərbaycan və Rusiya arasındakı isti
münasibətlərə toxunub.
Onun sözlərinə görə, Putinlə İlham Əliyev Bakıda bir çox mühüm
məsələlərə toxunacaq: “Putinin Bakı səfəri Rusiya və Azərbaycan
arasında pozitiv notlardan xəbər verir. İki ölkə arasındakı
münasibətlər yüksək səviyyədə inkişaf edir. Bu, Moskva ilə
münasibətləri gərginləşdirən İrəvan üçün də bir nümunədir. Putinin
Bakı səfəri İrəvana göstərir ki, Ermənistanın yeni rəhbərliyi öz
siyasəti ilə ölkəni təhlükəli zonaya daxil etdi, çünki Rusiya
regionda əsas müttəfiqi kimi Azərbaycanı görməyə başlayıb”.

Markovun fikrincə, prezidentlər Bakıda energetika, iqtisadiyyat,
Xəzər dənizində əlaqələr, “Şimal-Cənub” layihəsi də daxil olmaqla
nəqliyyat layihələrini və hərbi-texniki əməkdaşlığı müzakirə
edəcəklər.
“Həmçinin, prezidentlər bütövlükdə regiondakı münasibətləri
müzakirə edəcəklər. Çünki Yaxın Şərqdə qeyri-stabil vəziyyət davam
edir, ABŞ İrana təzyiq göstərir, hansı ki, bu proses Azərbaycanın
qonşuluğunda baş verir. Vladimir Putin dünya siyasətinin əsas
oyunçularından biridir, İlham Əliyev də çox təcrübəli siyasətçidir.
Azərbaycan liderinin böyük əlaqələri və ciddi informasiyaları var.
Hesab edirəm ki, liderlər Rusiyada Azərbaycan icmasının yeni
təşkilatının formalaşması məsələsinə də toxunacaqlar”, - deyə
politoloq vurğulayıb.
S.Markov əlaqə edib ki, Putinlə Əliyev görüşlərinin intensiv
şəkildə baş tutması iki ölkə münasibətlərinin çox pozitiv trekdə
inkişaf etməsinin nümunəsidir: “Bununla yanaşı, İlham Əliyevlə
Putinin arasında çox yaxşı dostluq münasibətləri var. Liderlərin
görüşününü mütəmadi baş tutmasının səbəblərindən biri də regionda
qeyri-stabil vəziyyət, xüsusilə Rusiya və Azərbaycan sərhədlərində
baş verənlərdir. Ermənistandakı hadisələr də buna nümunədir”.
“İzborsk” klubunun sədri Aleksandr Proxanov hər
şeydən əvvəl Rusiyanın Azərbaycanla münasibətlərin
möhkəmləndirilməsində maraqlı olduğuna diqqət çəkib.

“Ermənistanda gərginlik yarandı, orada pro-Amerikan siyasətinin
əksi görünür və bu Rusiyanı narahat edir. Bunun fonunda Rusiya üçün
Azərbaycanın əhəmiyyəti ikiqat artıb. Güman edirəm ki, Əliyevlə
Putinin görüşündə bu məsələlər müzakirə olunacaq. Digər tərəfdən,
Moskva Bakı ilə iqtisadi münasibətləri gücləndirmək istəyir”, -
deyə Proxanov diqqətə çatdırıb.
Asif