Prezident İlham Əliyevin Milli Məclisdə Azərbaycan
parlamentinin 100 illiyi münasibətilə keçirilən iclasda
səsləndirdiyi fikirlər Ermənistanı səksəkəyə salıb.
Publika.az xəbər verir ki, Azərbaycan lideri “Qarabağ
münaqişəsinin nizama salınmasının yeganə yolu Azərbaycanın ərazi
bütövlüyünün təmin olunmasıdır” deyə bəyan etdi.
Dövlət başçısı vurğuladı ki, Dağlıq Qarabağ Azərbaycan
suverenliyindən kənarda heç vaxt status almayacaq.
İrəvanda Azərbaycan liderinin bu fikirləri narahatlıqla qarşılanıb.
Xüsusilə bir neçə gün öncə Ermənistan-Azərbaycan sərhədində erməni
hərbi birləşmələrinin təxribat hücumunun qarşısını alan Azərbaycan
ordusunun ağır cavabından sonra Prezident İlham Əliyev münaqişənin
həlli ilə bağlı son qərarı açıqlaması işğalçı ölkəni qorxuya
salıb.
Erməni şərhçi Sarqis Artsruni qeyd edir ki, “Bakı xarici işlər
nazirlərinin BMT Baş Assambleyasının iclası çərçivəsində görüşü
öncəsi son qərarını açıqladı və bu, Azərbaycanın heç bir məsələdə
geri çəkilməyəcəyi deməkdir”.
Onun sözlərinə görə, Azərbaycan Ermənistana təzyiqi artırır.
“Azərbaycan həm döyüş meydanında, həm də diplomatiyada Ermənistana
zərbələr endirməyə davam edir”, - deyə o bildirib.
Asif