“Ermənistanın baş naziri Nikol Paşinyan təcrübəsiz siyasətçidir. Onun açıqlamaları bunu sübut edir”.

Bu barədə Publika.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə qeyd edib ki, Paşinyanın Dağlıq Qarabağ münaqişəsindən xəbəri yoxdur: “O hərbi xidmətdə olmayıb, lakin bu gün hərbi məsələlər haqqında absurd fikirlər səsləndirir. Öz oğlunu hərbi xidmət etmək üçün işğal altındakı Azərbaycan torpaqlarına göndərir, digər tərəfdən, Qarabağı “müstəqil respublika” adlandırır və deyir ki, “Azərbaycan Ermənistanla yox, Qarabağla danışıqlar aparmalıdır”. Paşinyan özü-özünü təkzib etməklə məşğuldur”.

Milli Məclisin üzvü diqqətə çatdırıb ki, Azərbaycanın iqtisadi qüdrəti, siyasi nüfuzu ən əsası güclü hərbi qüvvəsi Dağlıq Qarabağ problemini həll etməyə imkan verir.

“Cənab Prezidentin açıqladığı kimi bir neçə gün bundan əvvəl Ermənistan Silahlı Qüvvələrinə çox ciddi zərbələr endirildi. Aprel hadisələri, Günnüt hadisəsinin təkrarı həmişə gözləniləndir. Bu dəfə Azərbaycan Aprel hadisələrini təkrarlayarsa bu, artıq Paşinyanın hakimiyyətdən getməsi ilə deyil, Ermənistan üçün çox böyük ciddi və ağır nəticə ilə yekunlaşacaq”, - deyə o bildirib.