“Həqiqətən də Azərbaycan son illərdə ardıcıl olaraq əldə etdiyi uğurlarla bütün dünya ölkələri arasında öz nüfuzunu artırmağa nail olmuş, regionun isə ən güclü dövləti kimi yerini möhkəmləndirmişdir”.
Bu sözləri Publika.az-a açıqlamasında Elşad Mirbəşiroğlu deyib. Onun sözlərinə görə, ölkə başçısı Azərbaycanın milli maraqlarının etibarlı təmin olunması istiqamətində apardığı siyasətin nəticəsidir ki, bu gün Azərbaycan bütün beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir:
“Sözün əsl mənasında bu günki şərtlər daxilində Azərbaycanda olan təhlükəsizlik, sabitlik hesab edirəm ki, olduqca böyük resursdur. Bununla yanaşı, ölkəmizin yüksək siyasi və iqtisadi potensialını daha da formalaşdırması Azərbaycanı dünya ölkələri arasında kifayət qədər etibarlı tərəfdaş edir. Azərbaycanla əməkdaşlıq qurmaq istəyən ölkələrin siyahısının artması bunun ən gözəl nümunəsidir deyə, düşünürəm. Təkcə son bir neçə il ərzində Azərbaycanın xarici ticarət dövriyyəsi əsaslı dərəcədə artıb. Xüsusilə də ölkəyə cəlb olunan sərmayələrin miqdarı da intensiv olaraq artır. Bu isə ondan xəbər verir ki, hazırda Azərbaycanın həm iqtisadi, həm də siyasi mühiti kənara güclü etibar vəd edir. Xarici iş adamları bu etibarlı iqtisadi mühiti əlbətdə ki, dəyərləndirmək istəyirlər. Çünki xarici şirkətlər, investorlar iqtisadi və siyasi sabitliyin mövcud olmadığı ölkəyə sərmayə qoymazlar. Azərbaycanın iqtisadi sahədə bundan sonrakı perspektivləri də qiymətləndiriləcək. Dünyada ən ciddi və qlobal problemlərin həllində Azərbaycan yaxından iştirak edir. Çünki Azərbaycanın bu istiqamətdə potensialı obyektiv qiymətləndirilir”.
Politoloq bildirib ki, bu gün ölkəmizin dünyadakı bir çox problemlərin həllinə dair istiqamətlənmiş layihələrdə - terrorizmlə mübarizə, enerji təhlükəsizliyinin təmin edilməsində və s. potensialı obyektiv qiymətləndirilir:
“Beynəlxalq terroizmə qarşı mübarizə aparan ölkələr sırasında Azərbaycan ilk pillələrdə yer tutur. Enerji, ekoloji və digər təhlükəsizlik məsələlərinin həll olunmasında Azərbaycan böyük fəallıq nümayiş etdirərək bu istiqamətdə görülən işlərdə yaxından iştirak edir. Bütün bunların fonunda ölkə başçısının çıxışında Azərbaycanın iqtisadi, siyasi potensialının obyektiv əsaslara söykənərək yüksək qiymətləndirilməsi qürurvericidir. Eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycan sahib olduğu güclü iqtisadi-siyasi platforma sayəsində özünün hərbi potensialını gücləndirmişdir. Bütün bunlar güclü dövlətləri xarakterizə edən əlamətlərdir və biz bu gün bütün bunları rahat şəkildə öz doğma vətənimiz Azərbaycan haqqında səsləndirə bilirik. Avropa İttifaqı ilə Azərbaycan arasında yeni münasibətlər sisteminə keçid baş tutdu. Bu mərhələdən sonra Aİ ilə Azərbaycan arasında yeni əlaqələr sistemi də formalaşdı. Nəzərə almaq lazımdır ki, Azərbaycanın ən böyük xarici ticarət tərəfdaşı məhz Aİ-dir. Bu həm Avropanın enerji təhlükəsizliyi, həm də digər sahələrin inkişafı baxımından önəmlidir. Paralel olaraq bütün bunların Azərbaycan üçün də əhəmiyyəti böyükdür. Ölkəmiz Avropa bazarlarında daha fəal iştirak etmək imkanları qazanır. Bundan başqa, cənab prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri zamanı iki ölkə arasında yeni əməkdaşlıq platforması müəyyənləşdirilib. Azərbaycanla müxtəlif dövlətlər arasında imzalanan müqavilələr, sazişlər ölkənin iqtisadi, resurs potensialının inkişaf etməsinə kömək edir”.
Könül Cəfərli