Sentyabrın 15-də Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunda “Aydınlar Ocağı” Humanitar İctimai Birliyinin, Türkiyə Anadolu Aydınlar Ocağının və Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Qafqaz İslam Ordusu tərəfindən Bakının erməni-bolşevik işğalından azad edilməsinin 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Publika.az xəbər verir ki, konfransda çıxış edən Humanitar İctimai Birliyin sədri Vüqar Qədirov deyib ki, Qafqaz İslam Ordusunun Bakını eser-menşevik, erməni-daşnak və bolşevik qalıqlarından azad etməsinin 100 illik yubileyi ölkəmizdə çox yüksək səviyyədə qeyd olunur. Azərbaycanın əsgər və zabitləri də türk qardaşlarımızla birlikdə Bakının düşməndən azad edilməsində şərəflə döyüşüblər. Biz bu gün onları minnətdarlıq hissi ilə xatırlayırıq. Bakı şəhərinin düşməndən azad olunması həm qürurverici hadisədir, həm də Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsidir.
Anadolu Aydınlar Ocağının sədri İbrahim Öztək bildirib ki, Bakının azad edilməsinin 100-cü ildönümü ilə bağlı Azərbaycanda olduğu kimi, Türkiyədə də bir sıra tədbirlər keçirilir. Bakıdakı tədbirlərdə iştirak etmək üçün 40 könüllü İstanbuldan buraya gəlib.
İbrahim Öztək vurğulayıb ki, Azərbaycan və türk əsgərləri 1918-ci ildə erməni-daşnak qüvvələrinə qarşı birgə savaşıblar. Bakının azad edilməsi zamanı şəhid olmuş əsgərlərimizin xatirəsini yaşatmaq hər birimizin borcudur.
Tədbirdə digər çıxış edənlər 1918-ci ildə Qafqaz İslam Ordusunun Bakını düşməndən azad etməsini Azərbaycan tarixində həyati əhəmiyyətə malik bir hadisə kimi dəyərləndiriblər.