Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada Putinlə görüşdən sonra “Kommersant” nəşrinə müsahibəsində Dağlıq Qarabağ danışıqlarının ruhuna zidd açıqlamalar verdi.

Paşinyan bildirdi ki, Dağlıq Qarabağ danışıqlarda tərəf kimi çıxış etməlidir.

“Mən baş nazir kimi danışıqlarda Ermənistan adından iştirak edə bilərəm. Lakin Dağlıq Qarabağın adından danışa bilmərəm. Dağlıq Qarabağ xalqı Ermənistanda hakimiyyətin formalaşması prosesində iştirak etmir. Onların öz “hakimiyyəti” və “prezidenti” var”, - deyə o bildirib.

Paşinyan hətta bir qədər də irəli gedərək, işğal olunmuş Qarabağ ətrafındakı 7 rayonun da Dağlıq Qarabağın torpağı olduğunu iddia edib.

Azərbaycan XİN-in Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Ermənistanın baş nazirinin açıqlaması beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmətsizlik və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə zərbədir.

Politoloq Fikrət Sadıqov Publika.az-a açıqlamasında bildirib ki, Paşinyanın belə bəyanatları onun həm təcrübəsizliyindən, həm də psixi vəziyyətinin normal olmamasından qaynaqlanır.

“Paşinyan təcrübəsiz siyasətçi kimi sarsaq bəyanatlar verir. Bu, onun təcrübəsizliyindən xəbər verir. Bəlkə də onun psixi problemləri də var. Çünki özünü siyasətçi hesab edən, hökumətə rəhbərlik edən şəxs belə bəyanatlar verməməlidir. Belə təsəvvür yaranır ki, Paşinyan ya xəstədir, ya da təcrübəsizliyi həddindən artıq böyükdür. O, bəlkə də kimlərəsə xoş gəlmək, mitinqində iştirak edənlərə yaxşı görünmək üçün belə danışır, lakin bu məsələlər mitinqdə həll olunmur. ATƏT-in Minsk qrupu var, həmsədrlər var, danışıqlar prosesi mövcuddur. Görünür, Paşinyanın bütün bunlardan xəbəri yoxdur. O, beynəlxalq hüquq normalarının nə demək olduğunu bilmir. İşğal olunmuş 7 rayonu Qarabağın tərkibi adlandırmaq da bunu aydın şəkildə göstərir”, - deyə politoloq bildirib.

F.Sadıqov qeyd edib ki, Paşinyan danışıqların ruhuna zidd bəyanatları ilə prosesi dondurmaq istəyir: “O, münaqişəni həll etmək istəmir. Müxtəlif bəhanələr irəli sürür və başa düşür ki, bəhanələr danışıqların davam etməsində problem yaradacaq. O, danışıqlara gedərsə, Azərbaycanın prinsipial mövqeyi ilə qarşılaşacağını və özünün zəifliyinin, savadsızlığının ortaya çıxacağını yaxşı bilir. Buna görə də prosesi yayındırır. Lakin Paşinyan özünü belə aparırsa, Azərbaycan nə edəcəyini bilir. Biz torpaqlarımızı heç kimə hədiyyə verməmişik və ərazilərimiz azad olunacaq”.

Asif